AZ

Ərəb Liqasından İsrailin Somaliland qərarına kəskin etiraz

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Ərəb Liqası İsrailin Somalidən birtərəfli qaydada ayrıldığını elan edən Somaliland bölgəsini “müstəqil dövlət” kimi tanıması qərarını qətiyyətlə pisləyib. Təşkilat bu addımın təxribat xarakteri daşıdığını və regional təhlükəsizliyə ciddi təhdid yaratdığını bəyan edib.

Bizimyol.info xəbər verir ki, Ərəb Liqasının baş katibi Əhməd Əbu Qeyt yaydığı yazılı açıqlamada İsrailin sözügedən qərarını “qəbuledilməz” adlandırıb.

Əbu Qeyt İsrailin bu addımını “beynəlxalq hüququn açıq şəkildə pozulması” kimi qiymətləndirərək, onun dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə zidd olduğunu vurğulayıb.

O, birtərəfli tanıma təşəbbüslərinin Somalinin daxili işlərinə müdaxilə anlamına gəldiyini və təhlükəli presedent yaratdığını bildirib.

İsrailin Fələstin xalqına və region ölkələrinə qarşı yol verdiyi pozuntulara diqqət çəkən Əbu Qeyt: “Tel-Əviv rəhbərliyi bu qərarla təkcə ərəb və Afrika dövləti olan Somalinin suverenliyini hədəf almır, eyni zamanda bəzi üçüncü tərəflərlə birlikdə bölgənin sabitliyini pozmağa yönəlmiş addımlar atır”, - deyə qeyd edib.

İsrailin baş naziri Benyamin Netanyahu verdiyi açıqlamada Somalilandı “müstəqil və suveren dövlət” kimi tanıdıqlarını elan edib. Bununla da İsrail Somalilandı tanıyan ilk ölkə olub.

Somali hökuməti isə Somalilandı ölkənin ayrılmaz hissəsi hesab etdiyini və bölgə ilə bağlı istənilən birtərəfli tanıma və ya razılaşmanı öz suverenliyinə açıq hücum kimi dəyərləndirdiyini dəfələrlə bəyan edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
47
bizimyol.info

1Mənbələr