Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Türkiyə 1 yanvar 2026-cı ildən etibarən Ermənistanla sərhədi üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açacaq.
Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı öz mənbələrinə istinadən yazıb.
Məlumata görə, Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç yaxın günlərdə İrəvana təkliflər və niyyətlər paketini təqdim edib. Həmin sənədlərdə sərhədin qeyd olunan sxem üzrə açılması planı da yer alır. Lakin sənəddə qeyd edilib ki, Türkiyə hələlik sərhədi yük daşımaları üçün açmağa hazır deyil.
Bunun əvəzinə Ankara alternativ variant təklif edib: Türkiyə mallarının Gürcüstan üzərindən Ermənistana tranziti zamanı son təyinat məntəqəsi əvvəlki kimi Gürcüstan deyil, birbaşa Ermənistan kimi göstəriləcək.
Bundan əlavə, Türkiyə diplomatik münasibətlərin qurulması ilə bağlı protokol hazırlayıb. Ancaq Ankara bu sənədin Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən şəxsən Türkiyəyə gedərək imzalanmasını tələb edir. Halbuki bu cür sənədlər adətən xarici işlər nazirləri səviyyəsində imzalanır.
Türkiyənin digər tələbi dəmir yolu ilə bağlıdır. Ankara Ermənistanın Yerasxdan Naxçıvanla sərhədə, eləcə də Axurikdən Türkiyə sərhədinə qədər dəmir yolu xəttinin çəkilişinə başlamasında israr edir. Lakin İrəvanın maliyyə imkanlarının məhdudluğu səbəbindən Ermənistan tərəfi bu məsələdə Rusiyaya müraciət edib. Bu mövzu Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında Sankt-Peterburqda keçirilən son görüşdə də müzakirə olunub.
Qeyd edək ki, Ermənistan və Türkiyə arasında diplomatik münasibətlər yoxdur, sərhəd isə Ankaranın təşəbbüsü ilə 1993-cü ildən bağlıdır. İki ölkə arasındakı mürəkkəb münasibətlər Türkiyənin Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləməsi, eləcə də uydurma 1915-ci il Osmanlı imperiyasında "ermənilərin kütləvi qırğını"nın beynəlxalq səviyyədə tanınmasına Ankaranın sərt reaksiyası ilə əlaqələndirilir.
Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində xüsusi nümayəndələrin ilk görüşü 2022-ci ilin yanvarında Moskvada baş tutub. Həmin görüşdə Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan və Türkiyənin ABŞ-dakı sabiq səfiri Sərdar Kılıç iştirak ediblər. Daha sonra Vyanada bir neçə görüş keçirilib.
2022-ci il iyulun 1-də Vyanada Rubinyan və Kılıç arasında keçirilən görüşdə Ermənistan–Türkiyə quru sərhədinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün qısa müddətdə açılması barədə razılıq əldə olunmuşdu. Lakin bu razılaşma hələ də icra olunmayıb.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.