AZ

Moskvadan Bakıya qarşı məkrli həmlə: Rusiyanı ağır cavab gözləyir

Rusiya İstintaq Komitəsinin sədri AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işinə xitam verməsi Azərbaycanla münasibətləri gərginləşdirə bilər.

Bu, Rusiyanın Azərbaycana məxsus sərnişin təyyarəsinin vurulmasında iştirak edən hərbçiləri hüquqi məsuliyyətə cəlb etməmək, eyni zamanda baş vermiş faciəyə görə Azərbaycandan üzr istəməmək və dəymiş ziyanla bağlı kompensasiya ödəməmək niyyətindən xəbər verir. 

Yəni rəsmi Moskva çoxsaylı insan ölümü ilə nəticələnmiş hərbi cinayəti gizlətməyə və unutdurmağa çalışır. Rusiya bu qərarı verməklə  Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən yaradılmış Aviasiya Hadisələrinin Araşdırılması Komissiyasının dekabrın 25-də yaydığı aralıq hesabata da məhəl qoymadığını nümayiş etdirir. 

Halbuki həmin sənəddə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış təyyarənin Rusiya ərazisində döyüş başlığının hissələri ilə, daha dəqiq desək, “Pantsir-S” hava hücumundan müdafiə raketinin qəlpələri ilə zədələnərək idarəetməni itirməsi öz əksini tapıb. 

Rusiya tərəfi yekun hesabatda sərnişin təyyarəsinin raketlə vurulması faktının de-yure təsdiq ediləcəyini bilir. Yəni Kreml həqiqəti nə qədər ört-basdır etmək istəsə də, dünyada təyyarə terroruna görə ad çıxartmış Rusiyanın növbəti cinayətinin üstü açılacaq.

İndiyə qədər rəsmi Moskva müxtəlif dezinformasiyalar yaymaqla hadisənin başqa səbəbdən baş verdiyinə dair rəy yaratmağa çalışsa da, bu cəhdlər nəticə verməyib. Rusiya tərəfinin bu məsuliyyətsizliyi son bir ildə Azərbaycanla münasibətlərin gərginləşməsində xüsusi rol oynayıb.

Əgər Kreml 38 nəfər insanın həlak olmasına yol vermiş general-mayor Aleksandr Tolopilonu və kapitan Dmitri Paladçuku cinayət məsuliyyətinə cəlb etsəydi, Azərbaycan tərəfindən üzr istəyib, dəymiş zərəri ödəsəydi münasibətlərdə ikitərəfli münasibətlər ziddiyyətlər yaranmayacaqdı.

Rusiya İstintaq Komitəsi təyyarənin qəzaya uğraması ilə bağlı cinayət işinə xitam verməklə yalnız Azərbaycana deyil, bütün dünyaya saymazlıq göstərir. Hətta başqa ölkələrdə öz işğalçılıq müharibələrini Rusiya vətəndaşlarının müdafiəsi adı ilə pərdələyən Kreml bu dəfə daha bir fakta göz yumdu.

Moskva təyyarədə həyatını itirən 7 nəfər Rusiya vətəndaşının ölümünə bais olanların aşkara çıxarılmasına maraq göstərmədi. Ona görə də Rusiyanın bu addımı Azərbaycanla münasibətlərdə gərginliyin daha da artmasına səbəb ola bilər. Rusiyadan fərli olaraq, Azərbaycan bu məsələnin siyasi deyil, hüquqi və iqtisadi müstəvidə həllində maraqlıdır.

Rusiya isə bu cür hallarda özünün imperiya maraqlarından çıxış edərək başqa dövlətlərə və xalqlara qarşı hörmətsiz davranmaqla prosesi siyasiləşdirməyə çalışır.

Belə olan halda Azərbaycanın Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etməkdən başqa yolu qalmayacaq. Məhkəmə isə Rusiyanın deyil, zərərçəkmiş tərəfin, faktaraşdırıcı komissiyanın və Beynəlxalq Mülki Aviasiya Təşkilatının rəyini əsas götürəcək. 

Seçilən
32
cebheinfo.az

1Mənbələr