AZ

Hakimlik səlahiyyətlərinə xitam verilməsi məhkəmə qərarlarının obyektivliyinə təsir edirmi?...


Əziz Qənbərov: "Kodeksin tələblərinin pozulması hakimin fəaliyyətinin qiymətləndirilməsi zamanı nəzərə alınır"

Xəbər verildiyi kimi, Astara Rayon Məhkəməsinin hakimi İlqar Məmmədovun səlahiyyətinə xitam verilib.Hakimlərin Etik Davranış Kodeksinin tələblərini pozduğuna görə Məhkəmə-Hüquq Şurası onun hakimlik səlahiyyətinə xitam verilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki,Məhkəmə Hüquq-Şurasının 19 dekabr tarixli qərarı ilə onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Maraqlıdır, hakimlərə belə cəzaların verilməsi ölkədə hakimlik fəaliyyətlərinin təkmilləşməsində hansı rolu oynayır? Ümumiyyətlə, hakim etikasının pozulması deyəndə nə başa düşülür?

"Hakim vəzifəsini daşıyan şəxs tək xidmətifəaliyyəti zamanı deyil, xidmətdən kənar fəaliyyətində də nümunəvi davranış sərgiləməlidir"

Vəkil Əziz Qənbərov baki-xeber.com-a şərhində bildirdi ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2007-ci il 22 iyun tarixli qərarı ilə təsdiq edilmiş hakimlərin etik davranış kodeksinin tələbinə əsasən, “Hakimlərin Etik Davranış Kodeksi hakimlik fəaliyyətinin etik prinsiplərinin və standartlarının toplusudur: "Kodeks hakimlər üçün spesifik əxlaq və ədəb tələblərini, onların peşə etikası məsələlərini, iş fəaliyyətindən kənar davranışını nizamlayır, peşə fəaliyyətinə münasibətini müəyyən edir. Hakim bütün fəaliyyəti dövründə dövlətin, vətəndaşın və ədalət mühakiməsinin qarşısında onun məsuliyyətini təcəssüm etdirən hakim andına sadiq olmalı, səlahiyyətlərini həyata keçirərkən və xidmətdən kənar fəaliyyətində bu anda uyğun davranış nümayiş etdirməlidir. Həmin kodeksin tələblərinin pozulması hakimin fəaliyyətinin qiymətləndirilməsi zamanı nəzərə alınır.

Göründüyü kimi, hakim vəzifəsini daşıyan şəxs tək xidmətifəaliyyəti zamanı deyil, xidmətdən kənar fəaliyyətində də nümunəvi davranış sərgiləməlidir. Astara rayon Məhkəməsinin hakimi İlqar Məmmədovun hakimliyin rəmzi olan mantiyanı nəqliyyat vasitəsinin üstünə sərərək nəqliyyat vasitəsini qorumaq istəməsi etik davranış kodeksinin tələbləri baxımından çox ciddi nöqsandır. Ona görə də Məhkəmə Hüquq Şurası da haqlı olaraq onun hakimlik fəaliyyətinə xitam verib.Ona verilən cəza bundan sonra digər hakimlərin etik davranış qaydalarına daha ciddi əməl etməsi üçün xəbərdarlıqdır. Hakimlər yeganə səlahiyyət sahibidirlər ki, dövlət başçısından sonra dövlət adından qərar verirlər ki, bu da çox məsuliyyətli işdir. Ona görə də hər bir hakim bu məsuliyyətin nə demək olduğunu dərk etməlidir".

Günel CƏLİLOVA

Seçilən
34
baki-xeber.com

1Mənbələr