ain.az bildirir, Demokrat.az portalına istinadən.
SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana gedən tədarükünün Ağstafadan Gürcüstana yola salınması region üçün mühüm iqtisadi və siyasi hadisə kimi qiymətləndirilir. Bu addım Azərbaycanın enerji sektorunda artan potensialını və etibarlı tərəfdaş imicini bir daha nümayiş etdirir. Eyni zamanda, proses Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyasının dərinləşdiyini göstərir. Belə təşəbbüslər region ölkələri arasında iqtisadi əməkdaşlığın genişlənməsinə və qarşılıqlı asılılığın artmasına şərait yaradır. Nəticə etibarilə, bu cür tədarüklər Cənubi Qafqazda münasibətlərin normallaşmasına və sabitliyin möhkəmlənməsinə müsbət təsir göstərə bilər.
Demokrat.az-a açıqlamasında bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə deyib.O bildirib ki, Azərbaycan və Ermənistan arasında bu gün faktiki olaraq müharibə yoxdur və tərəflər sülh müqaviləsinin imzalanması mərhələsinə keçiblər:
“Əgər Ermənistan Konstitusiyasında Azərbaycan ərazilərinə dair iddialar ləğv edilərsə, iki ölkə arasında tam şəkildə normal diplomatik münasibətlər qurula bilər. Bu dəyişikliklər baş verməmişdən əvvəl də, əgər tərəflər bir-birinə qarşı hərbi və ya siyasi təhdid yaratmırlarsa, aralarında müəyyən səviyyədə ticarət və iqtisadi əlaqələrin mövcud olması mümkündür. Hazırda Ermənistan Azərbaycanın tranzit imkanlarından istifadə etməkdə maraqlıdır və eyni zamanda bəzi Azərbaycan məhsullarına ehtiyac duyur. Azərbaycan ərazisindən keçən yüklər və ölkəmizdən alınan məhsullar Ermənistan üçün daha sərfəlidir və bu, onların bazarında daha ucuz qiymətə satışına imkan yaradır. Bu isə həm Ermənistan cəmiyyətinə, həm də iqtisadiyyatına göstərir ki, Azərbaycanla yaxşı münasibətlər Ermənistan üçün faydalıdır”. O deyib ki, bu əməkdaşlıq sayəsində Ermənistan büdcəsi gəlir əldə edir, yeni iş yerləri yaranır və sosial rifah artır:“Erməni vətəndaşı artıq anlayır ki, Azərbaycanla sülh ilk növbədə onun həyat səviyyəsinin yaxşılaşmasına, müharibəyə ayrılan vəsaitlərin sosial sahəyə yönəlməsinə səbəb olur. Bu isə real və hiss edilən bir təcrübədir. Bu atılan addımlar həm iqtisadi, həm də siyasi baxımdan əhəmiyyətlidir. Arzu edərdik ki, Ermənistan öz Konstitusiyasındakı problemli müddəaları dəyişsin və bununla da tərəflər arasında olan bütün maneələr aradan qalxsın”.Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, SOCAR tərəfindən yerli mənşəli neft yükünün Ermənistan istiqamətində Gürcüstan üzərindən yola salınması regionda formalaşmaqda olan yeni siyasi-iqtisadi reallıqların göstəricisi kimi dəyərləndirilə bilər:
“Bu addım, ilk növbədə, Azərbaycanın post-münaqişə dövründə praqmatik və rasional siyasət yürütməyə hazır olduğunu nümayiş etdirir. Rəsmi Bakı siyasi fikir ayrılıqlarını iqtisadi əməkdaşlıqdan ayırmaq xəttini önə çəkir. Bu, Ermənistan tərəfinə ünvanlanan açıq mesajdır ki, Azərbaycan regional əməkdaşlıqda maraqlıdır və qarşıdurma ritorikasından uzaqlaşmağı təşviq edir. Eyni zamanda, bu tədarük iki ölkə arasında birbaşa siyasi yaxınlaşma kimi yox, etimadın formalaşdırılmasına yönəlmiş texniki və iqtisadi jest kimi qiymətləndirilməlidir. Bakı göstərir ki, sülh gündəliyi yalnız bəyanatlarla deyil, real addımlarla möhkəmləndirilə bilər. Ermənistan üçün isə bu proses iqtisadi asılılıqların diversifikasiyası baxımından yeni imkanlar yaradır”.O qeyd edib ki, Azərbaycanın bu addımı beynəlxalq ictimaiyyətə ünvanlanan mühüm mesaj daşıyır:
“Rəsmi Bakı regionda sabitliyin və iqtisadi inteqrasiyanın əsas təşəbbüskarlarından biri olduğunu nümayiş etdirir. Bu, Azərbaycanın etibarlı enerji tərəfdaşı imicini daha da gücləndirir. Dünya birliyi üçün bu, Cənubi Qafqazda əməkdaşlıq mühitinin formalaşa biləcəyinə dair pozitiv siqnaldır. Gürcüstanın tranzit ölkə kimi prosesdə yer alması regional nəqliyyat və enerji dəhlizlərinin əhəmiyyətini bir daha ön plana çıxarır. Bu, üçtərəfli iqtisadi qarşılıqlı asılılığın artmasına zəmin yarada bilər. Nəticə etibarilə, neft tədarükü təkcə kommersiya əməliyyatı deyil, həm də siyasi məzmun daşıyan strateji addımdır. Bu addım göstərir ki, Azərbaycan regional barış və inteqrasiyanı real iqtisadi mexanizmlər üzərindən qurmağa çalışır”.Leyla Turan
Demokrat.azQeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqamətində hazırlanıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.