AZ

Ankarada azərbaycanlı rəssam Vaqif Zeyidquliyevin sərgisi açılıb

ain.az, Azertag saytına istinadən bildirir.

Ankara, 27 dekabr, AZƏRTAC

Ankaranın tarixi hissəsində yerləşən “Emin” Antik İncəsənət Mərkəzində dekabrın 27-də azərbaycanlı rəssam Vaqif Zeyidquliyevin fərdi sərgisi açılıb.

Rəssam AZƏRTAC-a müsahibəsində bildirib ki, indiyədək əsərlərini Türkiyənin digər şəhərlərində, o cümlədən Azərbaycanda və Rusiyada nümayiş etdirib. “Türkiyə paytaxtının incəsənət həvəskarları mənim əsərlərimlə ilk dəfə tanış olurlar. Sərgidə təqdim edilən rəsmlərin böyük əksəriyyəti bu il ərsəyə gəlib və İstanbul mövzusuna həsr olunub”, – deyə V.Zeyidquliyev qeyd edib.

Rəssam yaradıcılıq fəaliyyətinə ilk addımlarını doğma Azərbaycanda atdığını, daha sonra isə rəssamlıq təhsili almaq üçün Rusiyaya yollandığını bildirib. “Əsərlərimin bir qisminin Azərbaycan və Çeçenistan muzeylərinin fondlarına daxil edilməsi ilə qürur duyuram”, – deyə o vurğulayıb.

Yaradıcılığında Azərbaycan mövzusunun xüsusi yer tutduğunu bildirən V.Zeyidquliyev əlavə edib: “Gələn ilin yazında İstanbulda 44 günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsi mövzusuna həsr olunmuş onlarla azərbaycanlı rəssamın əsərlərindən ibarət sərginin açılması planlaşdırılır. Mən də qarşıdan gələn bu ekspozisiya üçün doğma ölkəmə həsr olunmuş rəsmlər hazırlayıram”, – deyə rəssam əlavə edib.

Vaqif Zeyidquliyevin sərgisi yanvarın 25-dək davam edəcək.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
69
1
azertag.az

2Mənbələr