AZ

Azərbaycan İdmanının 2025-ci İl Yekunları Nailiyyətlər və Perspektivlər



İllərdir ki, ölkəmizdə idmana göstərilən diqqət və qayğı, bu sahədə həyata keçirilən məqsədyönlü dövlət siyasəti, sağlam gənclərin yetişdirilməsi istiqamətində atılan mühüm addımlar beynəlxalq arenada idmançılarımızın qazandığı uğurlarda əksini tapır. 2025-ci ildə də Azərbaycan idmançıları bir sıra əlamətdar nailiyyətlər əldə edərək ölkəmizin idman tarixində parlaq səhifələr yazmışlar. Cari ildə idmançılarımız 2000-dən artıq medal, o cümlədən 600-dən çox qızıl medal qazanmaqla rekord göstəriciyə imza atmışlar. Bu nəticələr ölkəmizdə idman sahəsinin davamlı və uğurlu inkişaf etdiyini bir daha təsdiq edir.

Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu sahədə çoxsaylı proqramlar ardıcıl şəkildə icra edilir. İdman infrastrukturu demək olar ki, sıfırdan yenidən qurularaq beynəlxalq standartlara cavab verən səviyyəyə çatdırılmışdır. Regionlarda idmanla məşğul olmaq üçün geniş imkanlar yaradılmış, cari ildə Gəncə və Yevlax şəhərlərində Olimpiya İdman Komplekslərinin tikintisi başa çatdırılaraq ölkə üzrə komplekslərin sayı 46-ya yüksəlmişdir.

Sağlam və fiziki cəhətdən hazır gənc nəslin yetişdirilməsi ölkənin davamlı inkişafı üçün əsas şərtdir. Bu məqsədlə həyata keçirilən ardıcıl siyasət idman sahəsinin inkişafına töhfə verərək, gənclərin idmana marağını artırır. Erkən yaşlardan idmanın təşviqi gələcəkdə yüksək idman nailiyyətlərinin əldə olunmasına zəmin yaradır və cəmiyyətin ümumi sağlamlığının möhkəmlənməsinə xidmət edir.

İdman sahəsindəki uğurlar təkcə idmançılarımızın nailiyyətləri ilə məhdudlaşmır, həm də ölkəmizdə keçirilən nüfuzlu beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edilməsi Azərbaycanın bu sahədəki potensialını dünyaya nümayiş etdirir. 2025-ci ilin ən önəmli idman tədbirlərindən biri MDB ölkələrinin Üçüncü Oyunları olmuşdur. Bu Oyunlar yüksək təşkilatçılıqla, bir neçə şəhərdə — o cümlədən Gəncə və Xankəndidə — keçirilib, ölkəmizin regional imkanlarını əks etdirmişdir. Tədbir iştirakçıları Azərbaycan qonaqpərvərliyini və yaradılmış şəraiti yüksək qiymətləndirmiş, idmançılarımız isə komanda hesabında ikinci yeri tutmuşlar. Belə beynəlxalq yarışlar ölkəmizin idman potensialını və müsbət beynəlxalq imicini daha da möhkəmləndirir.

Bundan başqa,bu il ölkəmizdə ilk dəfə olaraq UFC üzrə beynəlxalq turnir keçirilib. Bu yarış adətən ABŞ və idman infrastrukturu yüksək olan digər ölkələrdə təşkil edilir. Bakının belə prestijli yarışların siyahısına daxil olması Azərbaycanın beynəlxalq idman arenasındakı artan mövqeyinin göstəricisidir. Turnirin təşkilatçıları şəhərin müasir inkişaf səviyyəsini və yaradılmış infrastrukturun keyfiyyətini yüksək qiymətləndiriblər. Minlərlə iştirakçı və qonağın iştirakı ilə keçirilən bu yarış ölkəmizin beynəlxalq imicinin gücləndirilməsində mühüm rol oynayıb.

Cari ildə Bakı şəhəri “Dünyanın İdman Paytaxtı” adına layiq görülərək ölkəmiz üçün böyük qürur mənbəyinə çevrilmişdir. Bu, Azərbaycanda idman sahəsində görülən işlərin yüksək qiymətləndirilməsinin bariz nümunəsidir. Biz əminik ki, bu şərəfli adı ləyaqətlə qoruyacaq və ölkəmizin idman sahəsindəki mövqeyini daha da möhkəmləndirəcəyik.

Eyni zamanda, idmançıların və mütəxəssislərin mükafatlandırılması ənənəsi ölkəmizdə artıq 30 ildən çox davam edir. Bu, ədalətli qiymətləndirilmənin vacibliyini əks etdirən mühüm bir ənənədir. Azərbaycanın idman şöhrətini ucaldan şəxslər dövlət tərəfindən yüksək dəyər görməli və onların fəaliyyəti layiqli şəkildə qiymətləndirilməlidir.

Beləliklə 2025-ci il Azərbaycan idmanının inkişafında yeni mərhələ olmuş, ölkəmiz beynəlxalq idman arenalarında həm yüksək nailiyyətləri, həm də uğurlu tədbir təşkilatçılığı ilə öz mövqeyini daha da gücləndirmişdir. Bu uğurlar idmana göstərilən dövlət qayğısının, sistemli siyasətin və sağlam gənclərin yetişdirilməsi istiqamətində atılan məqsədyönlü addımların nəticəsidir. Qarşıda bizi daha böyük hədəflər gözləyir və əminliklə demək olar ki, Azərbaycan idmanı gələcəkdə də dünya səviyyəsində öz mövqeyini yüksəldərək, vətənimizin adını daha geniş miqyasda ucaldacaqdır.

İsa Səttarov,
Nəsimi rayon gənci, Azərbaycan Texniki Universitetinin I kurs magistr tələbəsi, Yeni Azərbaycan Partiyasının üzvü.



Seçilən
31
aia.az

1Mənbələr