AZ

Mənzil-kommunal təsərrüfatı çevik idarəetməyə keçirilir

Azərbaycanda həyata keçirilən struktur islahatları, əsasən, idarəetmə sistemində müsbət nəticələrin əldə edilməsi ilə bağlı əlverişli şəraitin yaradılmasına imkan verir. Başqa sözlə, belə dəyişikliklərin ən böyük üstünlüyü müasir standartlara uyğun idarəetmə qurumlarının yaradılmasını şərtləndirir və bu istiqamətdə mövcud sistemin səmərəli fəaliyyətinə şərait yaradır. Eyni zamanda, struktur islahatları dövlət büdcəsində vəsaitlərə qənaət olunması və onun səmərəli xərclənməsi baxımından da mühüm önəm daşıyır.

Bu fikri bir qədər də konkretləşdirib deyə bilərik ki, belə islahatlar idarəetmədə bir çeviklik formalaşdırır, proseslərə idarəetmə orqanlarının daha cəld, tez bir zamanda səmərəli reaksiya verməsini gerçəkləşdirir. Bütövlükdə struktur islahatları cəmiyyətin inkişafı və ölkənin daha müasir, çevik idarəetmə sisteminə transformasiyası baxımından son dərəcə zəruridir.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun 22 dekabr 2025-ci il tarixli qərarı ilə təsdiq edilən “Yerli icra hakimiyyəti başçısının tabeliyində olan Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin (MKTM) Nümunəvi Nizamnaməsi” hər zaman cəmiyyətdə fəaliyyəti ilə bağlı müəyyən narazılıqlar doğuran mənzil-istismar sahəsində sistemli islahatlara start verilməsi də bu baxımdan yüksək qiymətləndirilir. Bu sənədlə ölkədə mənzil-kommunal təsərrüfatının idarə olunmasında yeni yanaşmanın formalaşdırılması qarşıya mühüm vəzifə kimi qoyulur.

Xatırladaq ki, bütün payları dövlətə məxsus olacaq MKTM-ni Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Nazirlər Kabineti yaradır. Qurum müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən məhdud məsuliyyətli cəmiyyət formasında yaradılan hüquqi şəxsdir.

Yerli icra hakimiyyəti (Bakı şəhəri, Laçın, Cəbrayıl, Xocavənd, Xocalı, Kəlbəcər və Qubadlı rayonları istisna olmaqla) orqanları 6 ay müddətində aidiyyəti üzrə tabeliklərində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin əsasında məhdud məsuliyyətli cəmiyyət statusunda vahid MKTM-nin yaradılması ilə bağlı təklifləri Nazirlər Kabinetinə təqdim edəcək.

Ekspertlər bildirirlər ki, mənzil-istismar sahələri (MİS/JEK) illərdir ki, səmərəsiz idarəetmə, şəffaflığın olmaması, sakinlərlə əlaqələrin zəifliyi və maliyyə intizamının pozulması kimi problemlərlə yadda qalıb. Binaların ümumi təsərrüfatına cavabdeh olan bu qurumlar, demək olar ki, nə xidmət keyfiyyətinə görə məsuliyyət daşıyıb, nə də vətəndaş qarşısında real hesabatlılıq nümayiş etdirib.

Sakinlərin ödədiyi mənzil-kommunal haqlarının hara və necə xərclənməsi, təmir-bərpa işlərinin hansı meyarlarla aparılması, fövqəladə hallara operativ reaksiya verilməməsi kimi məsələlər illərlə ictimai müzakirə mövzusuna çevrilib. Nəticədə MİS/JEK anlayışı cəmiyyətin düşüncəsində xidmət qurumundan daha çox problemlərin mənbəyi kimi formalaşıb.

Yeni təsdiqlənən Nümunəvi Nizamnamə mənzil-kommunal təsərrüfatında idarəetmənin mərkəzləşdirilməsi və məsuliyyətin gücləndirilməsi məqsədi daşıyır. MKTM-lərin yerli icra hakimiyyəti başçılarının tabeliyində vahid hüquqi şəxs kimi fəaliyyət göstərməsi, nizamnamə kapitalının isə mövcud kommunal-təsərrüfat qurumlarının əmlakı hesabına formalaşdırılması bu sahədə resursların parçalanmasının qarşısını almağı hədəfləyir.

Ekspertlərin sözlərinə görə, belə bir model idarəetmədə vahid standartların tətbiqi, maliyyə və əmlak üzərində nəzarətin gücləndirilməsi, xidmət keyfiyyətinə görə məsuliyyətin konkret qurum üzərində cəmləşdirilməsi, texniki və kadr potensialının daha səmərəli bölüşdürülməsi kimi mühüm üstünlüklər yarada, MİS/JEK-lərin illərlə yığılıb qalmış problemlərini kökündən həll edə bilər. Şübhəsiz ki, bu islahatın real nəticə verməsi üçün normativ-hüquqi dəyişikliklə yanaşı, idarəetmə fəlsəfəsinin də dəyişməsi, şəffaflıq, hesabatlılıq və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi gözlənilir.

Bütün bunlarla bərabər, MKTM-lərin fəaliyyətinin sakinlərlə açıq müqavilə münasibətləri əsasında qurulacağına, xidmətlərin keyfiyyətinin ölçüləbilən göstəricilərlə qiymətləndiriləcəyinə, maliyyə hesabatlarının ictimaiyyət üçün açıq olacağına böyük ümid bəslənilir. Yeri gəlmişkən, bir çox ölkələrdə mənzil-kommunal təsərrüfatının səmərəli idarə olunması bələdiyyə və ya yarımüstəqil kommunal şirkətlər vasitəsilə həyata keçirilir. Bu modellərdə əsas prinsip sakinlərin xidmətin sifarişçisi və qiymətləndiricisi olmasıdır. Azərbaycanda isə bu sahədə uzun illərdir ki, mərkəzləşdirilən, lakin zəif nəzarət olunan idarəetmə modeli üstünlük təşkil edir. Yeni MKTM modeli isə bu boşluğu doldura bilər, lakin bunun üçün kadrların peşəkarlığı, rəqəmsal idarəetmə sistemlərinin tətbiqi, vətəndaş müraciətlərinə operativ cavab mexanizmlərinin yaradılması zəruri hesab olunur.

Bir sözlə, Baş nazirin imzaladığı qərar mənzil-kommunal təsərrüfatında islahatlar üçün vacib hüquqi baza yaradır. Bu, MİS/JEK-lərlə bağlı illərdir ki, davam edən narazılıqların aradan qaldırılması üçün real imkan kimi dəyərləndirilir. Təbii ki, bu imkanın uğurlu nəticəyə çevrilməsi üçün icra, nəzarət və məsuliyyət mexanizmlərinin diqqətdə saxlanılacağı da nəzərdə tutulur.

Bəs indiyədək MİS/JEK-lərin fəaliyyəti ilə bağlı davam edən narazılıqların kökü nədən qaynaqlanır? Mütəxəssislərin fikrincə, mənzil-istismar sahələri ölkə üzrə minlərlə çoxmənzilli binanın texniki vəziyyətinə, ümumi sahələrin saxlanmasına, mühəndis-kommunikasiya xətlərinin istismarına cavabdeh olsa da, real vəziyyət tamamilə fərqli mənzərə ortaya qoyub. Binaların dam örtüklərinin illərlə təmir olunmaması, lift təsərrüfatının təhlükəli vəziyyətdə qalması, zirzəmilərin yararsız hala düşməsi, tullantıların vaxtında daşınmaması və ən əsası – sakin müraciətlərinə formal münasibət bəslənilməməsi bu qurumların fəaliyyətinə inamı minimuma endirib.

Eyni zamanda, MİS/JEK fəaliyyətinin səmərəli olması üçün beynəlxalq təcrübədə əsas meyar sayılan sakinlərin prosesə cəlb edilməsi məqsədilə bir çox ölkələrin bu sahədəki təcrübəsindən bəhrələnməyi unudub. Məsələn, illik maliyyə hesabatları açıq dərc olunmayıb, xidmət keyfiyyəti üzrə ölçülə bilən göstəricilərin tətbiqinə önəm verilməyib, sakin şuralarının və ya müşahidə mexanizmlərinin yaradılmasına laqeyd yanaşılıb.

Ən ciddi problemlərdən biri isə maliyyə şəffaflığının olmamasıdır. Sakinlərdən toplanan aylıq ödənişlərin hansı istiqamətlərə xərcləndiyi, nə qədər vəsaitin yığıldığı və hansı əsaslarla xərcləndiyi illərdir cavabsız suallar olaraq qalır. Nəticədə MİS/JEK-lər nə bazar iqtisadiyyatı prinsipləri ilə işləyən xidmət qurumuna, nə də səmərəli dövlət strukturlarına bənzəyir.

Yeni təsdiq edilən Nümunəvi Nizamnamə bu sahədə parçalanmış idarəetmənin aradan qaldırılmasını hədəfləyir. MKTM-lərin yerli icra hakimiyyəti başçılarının tabeliyində vahid hüquqi şəxs kimi formalaşdırılması, nizamnamə kapitalının isə mövcud kommunal təsərrüfat qurumlarının əmlakı hesabına yaradılması mühüm institusional dəyişiklikdir. İslahatın uğurla nəticələnməsində isə digər vacib məqam rəqəmsal idarəetmənin tətbiqidir. Elektron müraciət sistemləri, onlayn ödəniş və hesabat platformaları, xidmətlərin icra müddətinin izlənməsi həm korrupsiya risklərini azaldılmasını, həm də operativliyin artırılmasını şərtləndirər. Bu, eyni zamanda, MKTM-lərin fəaliyyətinin real vaxt rejimində monitorinqinə imkan yaradar və “kim cavabdehdir?” sualını aradan qaldırar.

Beləliklə, Baş nazirin imzaladığı qərar mənzil-kommunal təsərrüfatında islahatlar üçün ciddi hüquqi və institusional zəmin yaradır. Bu sənəd MİS/JEK-lərlə bağlı illərdir ki, cəmiyyətdə yığılıb qalmış narazılıqların aradan qaldırılması üçün real imkan açır. “Yerli icra hakimiyyəti başçısının tabeliyində olan Mənzil-Kommunal Təsərrüfatı Müəssisəsinin (MKTM) Nümunəvi Nizamnaməsi”ndən də göründüyü kimi, MKTM modeli şəffaf, hesabatlı, vətəndaşyönümlü xidmət fəlsəfəsinə əsaslanır.

V.BİNYATOĞLU
XQ

Seçilən
51
1
xalqqazeti.az

2Mənbələr