AZ

Ağcabədi – Qarabağın Mil qapısı

Regionların sosial-iqtisadi inkişafı, müasir infrastruktur layihələrinin həyata keçirilməsi, məşğulluq məsələlərinin həll edilməsi bölgələrdə yaşayan əhalinin rifah halının yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Ağcabədi rayonunda da mütəmadi olaraq sakinlərin rahat yaşayışının təmin olunması istiqamətində təqdirəlayiq addımlar atılır. Qarabağın Mil qapısı olan Ağcabədi yaraşıqlı parkları, yeni asfalt döşənmiş küçələri, ən əsası isə, təmizliyi ilə göz oxşayır.

Rayon icra hakimiyyəti başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fikrət Allahverdiyevlə söhbət zamanı öyrəndik ki, küçələrin asfaltlanması, yeni səkilərin çəkilməsi, işıq dirəklərinin quraşdırılması, işıqlandırma sisteminin müasirləşdirilməsi, yaşıllıqların salınması və onlara qulluq, bir sözlə, şəhərin abadlaşdırılması rayon rəhbərliyi tərəfindən hər zaman xüsusi diqqətdə saxlanılır.

Belə ki, cari ildə Ağcabədinin şəhərdaxili yollarında ümumilikdə 28 min 190 kvadratmetr əraziyə asfalt örtüyünün döşənməsi nəzərdə tutulub. Şəhərin Həmdi Məmmədquluzadə, Cəfər Cabbarlı, Yaqub Məmmədov, Üzeyir Hacıbəyli və digər küçə, prospekt və dalanlarını əhatə edən asfaltlama işləri artıq tamamilə yekunlaşıb. Bunun 22 min 190 kvadratmetri yeni asfalt örtüyüdür, 6 min kvadratmetr yolda isə cari təmir işləri aparılıb.

Yolların asfaltlaması mütəmadi olaraq davam etdirilir. Yeni ildə növbədə yeni küçə və prospektlər var. F.Allahverdiyev onu da bildirdi ki, şəhərin küçə və parklarının işıqlandırılmasında fasilələrin yaranmaması, bu sahədə yeniliklərin tətbiqi də nəzarətdə saxlanılır, aidiyyəti üzrə davamlı işlər görülür. 2025-ci ilin ötən dövrü ərzində şəhərdə 345 yeni işıqlandırma dirəyi quraşdırılıb ki, bu da sürücülərin və piyadaların daha 20 kilometr uzunluğunda işıqlı yollarda rahat hərəkətinə imkan verəcək.

Beləliklə də şəhərdə quraşdırılmış işıq dirəklərinin sayı 4 minə çatdırılıb. Həmçinin rayonun Yaşıllaşdırma və İşıqlandırma İdarəsi tərəfindən yüksəkkeyfiyyətli elektrik materialları alınıb, küçə işıq dirəklərində sıradan çıxmış yeraltı kabellər vaxtlı-vaxtında dəyişdirilib, led lampalar yenisi ilə əvəz edilərək maqnit ötürücü və fotorelelər quraşdırılıb. Nəticədə hava qaralanda işıqlar avtomatik olaraq yanır, səhərlər isə sönür. Bu isə həm elektrik enerjisinə qənaət etməyə imkan verir, həm də əl əməyinin azalması deməkdir.

Ağcabədidə yeni yaşıllıqların salınması, ağacların, kolların, güllərin əkilməsi şəhərin daha da gözəlləşməsinə, havasının təmizliyinin artmasına şərait yaradır. Yola saldığımız ildə şəhərin parklarında, küçə və prospektlərdə on minlərlə müxtəlif növ ağac, bəzək kolları, güllər, çiçəklər əkilib, mövsümə uyğun olaraq ağaclarda budama, suvarma və dərmanlama işləri aparılıb.

Ağcabədililəri daha bir sevindirici yenilik gözləyir. Belə ki, şəhərin 20 Yanvar küçəsində 4 hektar ərazidə salınacaq yeni parkın layihələndirilməsi artıq yekunlaşıb. Gələn il tikintisinə başlanacaq parkda təbii landşaftın mühafizə edilməsi, mövcud yaşıllıqların qorunması nəzərdə tutulub. Parkın kənarlarında sakinlər üçün yürüş zolaqları salınacaq, ərazidə attraksionlar, ictimai-iaşə obyektləri quraşdırılacaq.

Birləşmiş şəhər bələdiyyəsi də imkanlarını Ağcabədinin infrastrukturunun yenilənməsi istiqamətində mühüm işlərin görülməsinə yönəldib. Qurumdan bildirdilər ki, cari ildə bələdiyyənin vəsaiti hesabına Ağcabədi şəhərinin Nəriman Nərimanov və Qarabağ küçələrində yerləşən 2 piyada körpüsü əsaslı təmir edilib, Həsən Əliyev küçəsində isə 1 yeni piyada körpüsü tikilərək vətəndaşların istifadəsinə verilib.

Yol infrastrukturu üzrə də zəruri addımlar atılıb. 2025-ci ilin 11 ayı ərzində şəhər ərazisində 54 min 80 kvadratmetr, rayonun Şənlik kəndində isə 11 min 515 kvadratmetr ara yol xüsusi texnikalar vasitəsilə hamarlanaraq təmir edilib.

Ağcabədidə görülən bütün bu işlər vətəndaşların gündəlik rahat yaşayışını təmin etməklə yanaşı, kənd təsərrüfatı və xidmət sektorunun inkişafına da öz töhfəsini verir.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri

Seçilən
46
1
xalqqazeti.az

2Mənbələr