AZ

Saxa xalqı üçün Birinci Türkoloji Qurultayda iştirak özünü tanıtmaq imkanı idi MÜSAHİBƏ

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 28 dekabr, Leyla Muradzadə, AZƏRTAC

1926-cı ildə Azərbaycan Şərqin bütün elm dünyası üçün cazibə mərkəzinə çevrilmişdi. Fevralın 26-dan martın 6-dək Bakıda Birinci Ümumittifaq Türkoloji Qurultay keçirilmişdi. Tarixi əhəmiyyət daşıyan bu tədbir türk xalqlarının dillərinin, yazı sistemlərinin və mədəniyyətinin onilliklər boyu inkişaf istiqamətlərini müəyyənləşdirmişdi. Qurultayın işində Sovet İttifaqının müxtəlif bölgələrindən və xaricdən aparıcı şərqşünas alimlər, dövlət xadimləri və yaradıcı ziyalılar iştirak etmişdilər.

Saxa xalqı üçün bu qurultay zəngin folklor və dil irsinə malik ən qədim türk etnoslarından biri kimi özünü tanıtmaq imkanı idi. Həmin dövrdə mövcud olan böyük məsafələrə və nəqliyyat çətinliklərinə baxmayaraq, Yakutiya Bakıya milli dövlətçiliyin, ədəbiyyatın və elmin əsasını qoyan ən görkəmli alimlərini göndərmişdi.

Yakut şairi, publisisti, tərcüməçisi və tədqiqatçısı Qavril Androsov AZƏRTAC-ın müxbiri ilə söhbətində 1926-cı ildə Bakıda keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayda iştirak edən alim və maarifçilərin talelərindən danışıb.

Tədqiqatçı bildirir ki, əvvəlcə nümayəndə heyətinin siyahısına yakut ədəbiyyatının banisi, görkəmli etnoqraf və folklor toplayıcısı Aleksey Yeliseyeviç Kulakovski (yakutca Өксөкүлээх Өлөксөй – red.) daxil edilib.

“Onun dilçilik sahəsində dərin tədqiqatları var idi, rus dilindən alınma sözlərin lüğətini tərtib etmişdi və yakut əlifbasının inkişafı ilə bağlı öz baxışı mövcud idi. Namizədliyi prioritet hesab olunurdu. Nümayəndə heyətinə, həmçinin yakut dramaturgiyasının, teatrının və mətbuatının “atası” sayılan Anempodist İvanoviç Sofronov (təxəllüsü Alampa – red.) daxil idi. Alampa gənc ziyalıların ətrafında birləşdiyi lider və maarifçi idi, yaşlı nəsil arasında mübahisəsiz nüfuza malik idi. Həmin dövrdə o, Yakutiyada görkəmli mədəniyyət xadimi hesab olunurdu. Nümayəndə heyətinin rəhbəri Platon Alekseyeviç Oyunskinin komandasında yer alan İsidar Nikiforoviç Baraxov olmuşdu. O, parlaq şəxsiyyət, ağıllı, demokratik, tolerant və nəzakətli rəhbər idi. Baraxov Yakutiyanın rəhbərliyində üçlüyə daxil idi və Oyunskinin silahdaşı idi. Bu, onun üçün təkcə respublikanı təmsil etmək deyil, həm də digər türk xalqlarının inkişaf təcrübəsini öyrənmək imkanı idi”, – deyə Qavril Androsov söyləyir.

Aleksey Yeliseyeviç Kulakovskinin taleyi faciəli olub. Yakutiyadan Moskvaya çatmaq üçün o, yolların olmaması və Lenada buzların bağlanması şəraitində son dərəcə ağır yol keçməli olub, marşrutun bir hissəsini marallarla və demək olar ki, piyada qət edib.

“Təxminən əlli yaşı olmasına baxmayaraq, Şimal bölgələri üzrə illərlə davam edən ekspedisiyalar onun sağlamlığını sarsıtmışdı. Moskvaya artıq ağır xəstə vəziyyətdə çatmış və xəstəxanaya yerləşdirilmişdi. Onun əvəzinə Bakıya həmin dövrdə Moskvada SSRİ xalqlarının Mərkəzi Nəşriyyatında çalışan istedadlı yazıçı və tənqidçi Aleksey Andreyeviç İvanov (Künde – red.) göndərildi. Beləliklə, nümayəndə heyəti yenə də peşəkar güclü olaraq qaldı”, – deyə tədqiqatçı qeyd edir.

Aleksey Yeliseyeviç Kulakovski 1877-ci ildə Baturus ulusunda anadan olub. Maddi çətinliklər səbəbindən ali təhsil ala bilməsə də, onun biliklərə hədsiz marağı olub.

“O, Baturus və Naroçesdə idarələrdə əvvəlcə katib, daha sonra Yakutiyanın tanınmış xeyriyyəçisi Nikolay Osipoviç Krivoşapkinin şəxsi katibi kimi çalışıb. Yakutiya üzrə çox səyahət edib və Saxa xalqının məskunlaşma arealını tədqiq edib. Saxa xalqı bu gün də Yakutiya Respublikasının hüdudlarından kənarda yaşayır. O dövrlərdə isə məskunlaşma əraziləri daha geniş idi. Şərti desək, nəsillər, kəndlər, təsərrüfatlar, tək yaşayanlar və ailələr Yenisey sahillərindən Kamçatkayadək səpələnmişdi. Cənubda yakutlar Ud diyarında, həmçinin Amur, İrkutsk, Bodaybinsk və Çibinsk bölgələrində böyük qruplar halında yaşayırdılar. Onlar Şimal Buzlu okeanı sahillərində məskunlaşır, adalarda ov edirdilər. Kulakovski bu yerlərin hamısında olmuşdu – Bodayboda, Vilyuyskdə, Verxoyanskda, Kolımada. O, xalqının həyatını dərindən bilirdi”, – deyə Qavril Androsov vurğulayıb.

Aleksey Yeliseyeviç Kulakovski 1926-cı il iyunun 6-da Moskvada, 49 yaşında vəfat edib və Bakıya çata bilməyib. O, Danilov qəbiristanlığında dəfn olunub.

“Əgər tale ona həmin tarixi qurultayda iştirak etmək imkanı versəydi, Saxa dünyası ilə bütövlükdə Türk dünyası arasında nə qədər dərin paralellər apara biləcəyini təsəvvür etmək çətindir”, – deyə yakutiyalı tədqiqatçı fikrini yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
2
azertag.az

3Mənbələr