AZ

Dünya Azərbaycanlılarının Həmrəyliyi: Milli Birliyin və Dövlətçilik İdeallarının Təntənəsi



Dünya azərbaycanlılarının həmrəyliyi ideyası Azərbaycan xalqının milli azadlıq mübarizəsinin əsas ideoloji dayaqlarından biri kimi formalaşmışdır. Ümummilli Lider Heydər Əliyev çıxışlarında bu mühüm günün mahiyyətini xüsusi vurğulayaraq, onun xalqımızın tarixi inkişaf yolunda milli birliyin, dövlətçilik düşüncəsinin və müstəqillik ideallarının təcəssümü olduğunu qeyd etmişdir. Bu uzaqgörən siyasi baxışın nəticəsi olaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dövlət bayramı statusu qazanmış və zamanla ümummilli əhəmiyyət kəsb edən mənəvi dəyərə çevrilmişdir.
Ulu Öndərin vurğuladığı kimi, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını vahid məqsəd ətrafında birləşdirən əsas amil onların milli-mənəvi kimliyinin qorunması və yaşadılmasıdır. Bu mənada müstəqil və suveren Azərbaycan Respublikası bütün soydaşlarımız üçün yalnız siyasi mərkəz deyil, eyni zamanda milli mənsubiyyətin, tarixi yaddaşın və ümumi gələcək ideallarının təməl daşıdır. Dünya azərbaycanlılarının həmrəyliyi ideyası məhz Azərbaycan dövlətçiliyinə sədaqət, milli-mənəvi dəyərlərə hörmət və ümumbəşəri prinsiplərə bağlılıq əsasında formalaşmışdır.
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının III Qurultayındakı çıxışı müasir dövrdə bu həmrəylik ideyasının davamlılığını və məqsədyönlülüyünü nümayiş etdirir. Dövlət başçısı xaricdə yaşayan soydaşlarımızın vahid böyük ailə kimi doğma Vətənə mənəvi bağlılığını xüsusi qeyd etmiş, onların harada yaşamasından asılı olmayaraq Azərbaycanla sıx tellərlə bağlı olduqlarını vurğulamışdır. Prezidentin ifadə etdiyi kimi, müstəqil Azərbaycan dünya azərbaycanlılarının ümumi vətəni olmaqla yanaşı, milli kimlik, dil birliyi və ideoloji baxışların da dayağıdır. Azərbaycançılıq məfkurəsi xalqımızı birləşdirən ümumxalq ideologiyası kimi milli həmrəyliyin və dövlətçilik şüurunun möhkəmlənməsinə xidmət edir. Dövlət başçısı qeyd etmişdir ki, xaricdə yaşayan azərbaycanlılar hər zaman arxalarında güclü və suveren Azərbaycan dövlətinin dayandığını hiss etməli, ona arxalana bilərlər.
Bu çağırışlar dünya azərbaycanlılarının birliyinin möhkəmləndirilməsi və milli maraqların qorunması baxımından ideoloji əsas rolunu oynayır, Azərbaycan dövlətçiliyinin daha da güclənməsinə zəmin yaradır.
Dünya azərbaycanlılarının həmrəyliyi ideyasının hüquqi və siyasi əsasları Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Onun sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da keçirilən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Bayramı kimi qeyd olunması barədə tarixi qərar qəbul edilmişdir. Bu addım milli birlik ideyasının dövlət səviyyəsində təsbit olunması baxımından mühüm əhəmiyyətə malikdir.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi bu qərarın qanunvericilik səviyyəsində təsdiqi üçün Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etmişdir. Müraciət Ali Sovetin Milli Şurası tərəfindən nəzərə alınaraq, 1991-ci il dekabrın 25-də qəbul edilən qanunla 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi rəsmiləşdirilmişdir. Beləliklə, həmin tarixdən başlayaraq bu əlamətdar gün bütün dünya azərbaycanlıları tərəfindən rəsmi bayram kimi qeyd edilir.
Ulu Öndərin əsası qoyduğu diaspor siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı xarici ölkələrə etdiyi bütün səfərlər zamanı diaspor təşkilatlarının nümayəndələri ilə müntəzəm görüşlər keçirir, onların fəaliyyətini, üzləşdikləri çətinlikləri diqqətlə izləyir və müvafiq tövsiyə və tapşırıqlarını verir. Bu görüşlərdə fikir mübadiləsi aparılaraq diasporun fəaliyyətinin daha da səmərəli təşkilinə yönəlmiş vacib məsələlər müzakirə olunur.
Prezident İlham Əliyev dəfələrlə bildirib ki, qlobal geosiyasi çətinliklər şəraitində Azərbaycan dövlət müstəqilliyinin möhkəmləndirilməsi üçün diaspora ilə əlaqələrin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan diaspor siyasəti dövlətin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilmiş, Prezidentin Fransa, Rusiya, Slovakiya, Qazaxıstan, Özbəkistan, Türkiyə, Polşa, Belçika, Ukrayna, Gürcüstan, Moldova, Almaniya, ABŞ, Rumıniya, İngiltərə və digər ölkələrə səfərlərində bu mövzu daim diqqət mərkəzində saxlanılmışdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin inkişafı dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilmiş, mövcud sosial-iqtisadi şəraitdə diaspor quruculuğu sahəsində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Bu siyasət diaspor təşkilatlarının institusional möhkəmlənməsinə və fəaliyyətlərinin səmərəli təşkili üçün zəruri şəraitin yaradılmasına xidmət edir.
Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının hüquq və maraqlarının qorunmasını ölkəmizin prioritet vəzifələrindən biri hesab edir. Prezidentin siyasi iradəsi sayəsində ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruh yüksəlmiş, azərbaycançılıq ideologiyası və ümumi məqsədlər ətrafında birlik daha da möhkəmlənmişdir. Bu yanaşma dünya azərbaycanlılarının həmrəyliyinin gücləndirilməsi və Azərbaycan dövlətçiliyinin beynəlxalq müstəvidə mövqeyinin artırılması baxımından böyük önəm daşıyır.
Hazırda dünyanın müxtəlif ölkələrində 51 ölkəni əhatə edən, 561 diaspor təşkilatını birləşdirən 15 Koordinasiya Şurası (Alyansı) və 20 ölkədə 31 Azərbaycan Evi fəaliyyət göstərir. Bu göstəricilər xaricdəki azərbaycanlıların təşkilatlanma səviyyəsinin yüksəldiyini və ictimai fəallığın artdığını nümayiş etdirir. Yeni icma və birliklərin yaradılması müasir diaspor quruculuğunun mühüm uğurlarından biridir. Bu qurumlar milli-mənəvi dəyərlərin təbliği, Azərbaycan həqiqətlərinin beynəlxalq arenada çatdırılması və dünya azərbaycanlıları arasında əlaqələrin möhkəmləndirilməsində əvəzsiz rol oynayır.
Vətən müharibəsi milli həmrəyliyin və dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin ətrafında vahid səfərbərliyin parlaq nümunəsi oldu. Müharibə zamanı həm ölkə daxilində, həm də dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlılar böyük fəallıq göstərərək milli birlik ruhunu daha da gücləndirdilər. Xarici ölkələrdəki soydaşlarımız Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması üçün səylərini əsirgəmədilər və ölkəmizin haqlı mövqeyini müdafiə etdilər.
Prezident İlham Əliyevin vurğuladığı kimi, “Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan qüvvələrinin təxribatlarına qarşı cəsarətli etirazları və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində göstərdikləri fədakar xidmətlər Qələbəmizə layiqli töhfə olmuşdur.” Bu fikirlər dünya azərbaycanlılarının həmrəyliyinin və diasporun milli maraqlar uğrunda mübarizədə oynadığı vacib rolun təsdiqidir.
2023-cü ildə Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində xüsusi olaraq qeyd etdiyi kimi, bu gün bütün dünya azərbaycanlıları müstəqil və qüdrətli Azərbaycanla fəxr edir, həmrəylik gününü yüksək əhval-ruhiyyə və yeni ruhla qeyd edirlər. Son üç ildə xalqımız ruh yüksəkliyi ilə, başı dik və alnı açıq yaşayır. Bu yüksək mənəvi ruhun təməlində isə İkinci Qarabağ müharibəsində qazanılan tarixi zəfər, antiterror əməliyyatı, işğal olunmuş torpaqların azad edilməsi və separatçı rejimin süqutu dayanır.
Prezident İlham Əliyevin sözləri ilə desək, “Dəmir yumruq” yalnız zəfər tariximizin simvolu deyil, həm də xalqımızın və bütün dünya azərbaycanlılarının sarsılmaz birliyinin rəmzidir. Dövlət başçısı əminliklə bildirir ki, “Dəmir yumruq” daim mövcud olacaq və azərbaycanlıların həmrəyliyini qoruyacaqdır.
Bu dəyərli ifadələr dünya azərbaycanlılarının birliyinin güclənməsində və xalqımızın parlaq gələcək uğurlarının təmin olunmasında milli həmrəyliyin əvəzsiz rolunu bir daha təsdiqləyir.

İsa Səttarov,
Nəsimi rayon gənci, Azərbaycan Texniki Universitetinin I kurs magistr tələbəsi, Yeni Azərbaycan Partiyasının üzvü.



Seçilən
23
aia.az

1Mənbələr