AZ

Sərhəddə “yol” qarşıdurması: Hazırlıq başladı – 5 il sonra yeni gərginlik

Hindistan və Çin Himalay dağlarında yerləşən sərhəd bölgələrində ucqar dağlıq ərazilərdə nəqliyyat və hərbi infrastrukturun gücləndirilməsinə böyük sərmayələr yatırır. 2020-ci ildə baş verən sərhəd toqquşmaları Hindistanın bu istiqamətdəki ciddi zəifliyini üzə çıxarsa da, Çin uzun illər ərzində inşa etdiyi dəmir yolu və nəqliyyat şəbəkəsi sayəsində bölgəyə operativ hərbi qüvvələr çatdırmaq imkanına malik idi.

Bunun əksinə, Hindistan üçün sərhəd postlarına və yüksək dağlıq ərazilərə logistik dəstəyin təmin edilməsi uzun zaman alıb. Hazırda Yeni Dehli bu çatışmazlıqları aradan qaldırmaq üçün Zoji La tuneli və digər infrastruktur layihələrinə start verib. Lakin ekspertlər bu səylərin sərhəd mübahisələrini daha da gərginləşdirə biləcəyini vurğulayır.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Çin onilliklər ərzində Tibet və Sincan boyunca geniş dəmir yolu və avtomobil yolları şəbəkəsi quraraq, sərhəd xəttinə yaxın bölgələrdə operativ üstünlük əldə edib:

“Pekin bu infrastruktur sayəsində böhran anında saatlar ərzində əlavə qüvvə cəmləşdirə bilir. Hindistan isə eyni şəraitdə həftələrlə gecikməyə məcbur qalırdı. Mövcud fərq təkcə taktiki yox, psixoloji üstünlük də yaradırdı.

Məhz bu səbəbdən Yeni Dehlinin son illərdə atdığı addımlar reaktiv xarakter daşıyır. Zoji La tuneli kimi iri layihələr Hindistanın gecikmiş, amma strateji baxımdan qaçılmaz cavabıdır. Ladax bölgəsinin ilin yarısında faktiki təcrid vəziyyətində qalması, Hindistanın sərhəddəki hərbi mövcudluğunu kağız üzərində saxlayan, praktikada isə zəiflədən amil idi. Tunel, helikopter meydançaları və modernləşdirilən uçuş-enmə zolaqları bu zəifliyi azaltmaq məqsədi daşıyır və Hindistan ordusunun “dörd fəsil” logistikasına keçidini təmin etməyi hədəfləyir.

Lakin məsələ təkcə Hindistanın öz təhlükəsizliyini gücləndirməsi ilə bitmir. Çin də paralel şəkildə eyni oyunu daha üstün mövqedən oynayır. Panqonq-Tso gölü üzərində inşa edilən körpü Pekinin düşüncə tərzini açıq şəkildə göstərir: coğrafi maneələri neytrallaşdırmaq və qoşunların manevr vaxtını minimuma endirmək. Bu, Çin hərbi doktrinasında “vaxt–məkan üstünlüyü” prinsipinin Himalaylara tətbiqidir. Körpü, yollar və dəmir yolları bir yerdə Çinə lokal eskalasiyalarda üstünlük verən struktur yaradır”.

Sərhəddə
Qabil Hüseynli

Politoloq bildirib ki, bu qarşılıqlı infrastrukturlaşma paradoksal nəticə doğurur:

“Rəsmi olaraq tərəflər bunu müdafiə və təhlükəsizlik tədbiri kimi təqdim etsələr də, faktiki olaraq münaqişə ehtimalı azalmaq əvəzinə artır. Çünki infrastruktur nə qədər inkişaf edirsə, hərbi variant bir o qədər asan və əlçatan görünür.

Hazırkı yarış Asiya miqyasında daha geniş kontekstə malikdir. Hindistan Çini təkcə sərhəddəki qonşu yox, regional hegemonluğa iddialı rəqib kimi görür. ABŞ və Qərblə yaxınlaşma, QUAD mexanizmi və Hind-Sakit okean strategiyası fonunda Himalaylardakı infrastruktur Pekin üçün də strateji həssas nöqtəyə çevrilib”.

Seçilən
17
editor.az

1Mənbələr