Azərbaycanda 55 yaşlı kişi kustar üsulla hazırlanmış spirtli içkidən zəhərlənərək ölüb.
“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, hadisə Qazax rayonunda baş verib.
Ələddin Yadigarov (ad-soyad şərtidi) özünə doğum günü məclisi keçirib. O, şad gününə yaxın qohumu Şahmar Bədəlovu da (ad-soyad şərtidi) dəvət edib, gələndə özü ilə spirtli içki də alıb gətirməyi tapşırıb.
İkinci də onun xahişini yerə salmayıb. Məclisə özü ilə kustar üsulla çəkilmiş tut arağı ilə gəlib. Qohumlar onu bir yerdə içiblər, məclis bitib, hərə öz evinə dağılışıb.
Şahmar Bədəlov səhər yuxudan oyananda Ələddin Yadigarovun öldüyünü eşidib, yas yerinə gedib.
Qohumları Ələddinin ölümünə görə Ş.Bədəlovu günahlandırıblar, şikayət ediblər.
Meyit ekspertizadan keçirilib. Ekspertlərin rəyinə görə, onun vəfatı spirtli içkidən zəhərlənmə nəticəsində baş verib. Amma hüquq-mühafizə orqanları belə qənaətə gəliblər ki, burada Ş.Bədəlovun heç bir günahı yoxdur. Çünki Ə.Yadigarov uzun illərdir spirtli içki aludəçisi olub.
Telegram kanalımız