AZ

Vəkillər Günü – Ədalətin Nəbzi, Vicdanın Səsi

 

Bəzən bir insanın bütün həyatı bircə cümlənin içinə sığır…
Bəzən bir qərar, bir imza, bir müdafiə — taleyin yönünü dəyişir.
Məhz bu anlarda səhnəyə vəkil çıxır. Sözün bitdiyi yerdə danışan, susmağın qızıl olduğu anlarda belə danışmaqdan çəkinməyən insan…

 

Vəkillik sadəcə peşə deyil. Bu, ruhun daşıya bildiyi qədər ağır bir məsuliyyətdir. Allahın insana bəxş etdiyi həyatı insana yenidən qazandıran məsuliyyət. Bu məsuliyyətin önəmi onun qanun əhəmiyyətli olması ilə bərabər, həyat anlamlı olmasıdır.
Çünki vəkil yalnız qanunu yox, insanı da müdafiə edir.
O, kağız üzərində yazılan maddələrin arxasında döyünən ürəkləri, gözlərdəki ümidi, içində gizlənən qorxunu görür.
Vəkil olmaq – çox zaman tək qalmaqdır.
Hamı susanda danışmaq, hamı çəkiləndə irəli addımlamaqdır.
Gecə yarısı vicdanın səsi ilə oyanmaq, səhər isə yorğun gözlərlə ədalət uğrunda yenidən ayağa qalxmaqdır.
Asandırmı bu yol? Əsla.
Bu yolda anlaşılmamaq var, yüklənmək var, bəzən haqsız ittihamlar da…
Amma bu yolun sonunda insanın öz vicdanı ilə hesablaşması, haqqın üzünə dik baxa bilməsi var.
Ən böyük qazanc da elə budur.
Vəkillər — susdurulanların səsi, əzilənlərin nəfəsi, ümidsizlərin son ümididir. Bəzən ən kiçik bir ümiddən və ya ümidsizlikdən işıq yolu açandır vəkil.
Onlar üçün hər iş bir dosye deyil, bir insan həyatıdır, bir tale yüküdür.
Onlar üçün ədalət sadəcə söz deyil — yaşanmalı dəyər, haqqın insan taleyindəki səsidir.
Bu şərəfli, çətin və məsuliyyətli yolu seçən, haqqın tərəfində durmaqdan çəkinməyən bütün vəkillərin Vəkillər Günü mübarək olsun!
Qələminiz həmişə yazar, sözünüz həmişə kəsərli, vicdanınız isə daim rahat olsun.
Ədalətin nuru yolunuzu işıqlandırsın, səsiniz heç vaxt susmasın.
Bütün qaranlıq talelərə işıq salmanız diləyi ilə…

image-5bb89be4-85d6-44a5-9d1f-b5e94e5547d8

Azərbaycan Yazıçılar Birliyinin üzvü Gülər Mübariz.

Seçilən
24
veteninfo.az

1Mənbələr