AZ

Mürəbbənin qaranlıq tərəfi - EHTİYYATLI OLUN!

Qışın soyuğu düşən kimi evlərdə tanış qoxu yayılır: qaynar çay, yanında da yaydan qalma alça, gilas, zoğal, gül və ya qoz mürəbbəsi. Azərbaycanlılar üçün mürəbbə sadəcə şirniyyat deyil, xatirədir, qonaqpərvərlikdir, ailə süfrəsinin ayrılmaz hissəsidir.

Amma hər şirin dad kimi mürəbbənin də görünməyən tərəfi var. Həddindən artıq və nəzarətsiz istifadə olunduqda mürəbbə sağlamlıq üçün risklər yarada bilər.

“Yeni Sabah” xəbər verir ki, mürəbbənin əsas tərkib hissəsi şəkərdir və bu da onun ən böyük problemli cəhətidir. Bir-iki qaşıq mürəbbə ilə qəbul edilən şəkər miqdarı bəzən bir stəkan qazlı içkidəki şəkərə bərabər ola bilər. Bu isə qanda şəkərin sürətlə yüksəlməsinə səbəb olur. Xüsusilə şəkərli diabeti olanlar və ya bu xəstəliyə meyilli şəxslər üçün mürəbbə ciddi risk daşıyır. Qanda şəkərin tez-tez yüksəlib-enməsi zamanla insulin müqavimətini artıra, xəstəliyin gedişini ağırlaşdıra bilər.

Rusiyalı tibb elmləri doktoru Yelena Malışeva da bu mövzuya ehtiyatla yanaşmağı tövsiyə edir. Onun fikrincə, mürəbbə “enerji bombası”dır və faydalı maddələrinə baxmayaraq, onu vitamin mənbəyi kimi qəbul etmək düzgün deyil. Uzun müddət qaynadılan meyvələrdə C vitamini demək olar ki, tamamilə məhv olur, geriyə isə əsasən şəkər və az miqdarda lif qalır. Onun fikrincə, mürəbbə desert kimi nadir hallarda və çox az miqdarda yeyilməlidir.

Mürəbbənin başqa bir zərəri də artıq çəki və piylənmə riskini artırmasıdır. Şəkərlə zəngin olduğu üçün tez doyma hissi yaratmır, əksinə iştahanı daha da aça bilər. Xüsusilə axşam saatlarında çayla birlikdə tez-tez mürəbbə yemək bədəndə artıq kalori yığılmasına, zamanla isə çəki artımına səbəb olur. Bu da öz növbəsində ürək-damar xəstəlikləri riskini yüksəldir.

Diş sağlamlığı baxımından da mürəbbə təhlükəsiz sayılmır. Şəkər ağız boşluğunda bakteriyalar üçün ideal mühit yaradır. Nəticədə diş çürümələri, diş əti problemləri daha tez-tez ortaya çıxır. Çayla birlikdə mürəbbə yeyib, ardınca dişləri təmizləməmək bu riski bir neçə dəfə artırır.

Həssas mədə-bağırsaq sistemi olan insanlar üçün mürəbbə əlavə problemlər yarada bilər. Xüsusilə turş meyvələrdən hazırlanan mürəbbələr mədə turşuluğunu artıra, qastrit və reflüks əlamətlərini gücləndirə bilər. Bəzi hallarda şişkinlik və diskomfort da müşahidə olunur.

Bütün bunlara baxmayaraq, mürəbbəni tamamilə qadağan etmək də doğru yanaşma deyil. Mütəxəssislər bildirirlər ki, əsas məsələ miqdardır. Gündə bir çay qaşığı mürəbbə, xüsusilə səhər saatlarında və ya fiziki aktivlikdən sonra qəbul edildikdə, ciddi zərər yaratmaya bilər

Qış axşamlarının bu sevimli ləzzətindən imtina etmək çətindir, amma sağlamlıq naminə ölçünü bilmək vacibdir.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
19
1
yenisabah.az

2Mənbələr