Nazim Eynallı: “Yol sadəcə asfalt deyil, insan həyatıdır”
25 dekabrda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 2025-ci ilin yekunlarına həsr olunmuş geniş Kollegiya iclası keçirildi. İclasda ölkədə yol infrastrukturunun inkişafı istiqamətində görülən işlər, əldə olunan nəticələr və qarşıda duran əsas vəzifələr ətraflı şəkildə müzakirə olundu. Təqdim olunan göstəricilər yol təsərrüfatı sahəsində ardıcıl, sistemli və məqsədyönlü fəaliyyətin həyata keçirildiyini bir daha təsdiqlədi.

Bu kontekstdə AAYDA nəzdində 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin rəhbəri Nazim Eynallının rəhbərlik etdiyi kollektivin fəaliyyəti xüsusi diqqət çəkir. Görülən işlər, qarşıda duran hədəflər, işğaldan azad edilmiş ərazilərdə yol layihələri, eləcə də mürəkkəb iqlim şəraitinə malik bölgələrdə, xüsusən Şamaxı ərazisində aparılan fəaliyyətlə bağlı Nazim Eynallı ilə müsahibəni təqdim edirik.
– Nazim müəllim, AAYDA-nın 2025-ci ilin yekunlarına həsr olunmuş Kollegiya iclasında səslənən göstəriciləri necə dəyərləndirirsiniz?
– Səslənən göstəricilər təsadüfi deyil. Prezident İlham Əliyevin yol infrastrukturuna göstərdiyi xüsusi diqqət, Agentliyin sədri Saleh Məmmədovun prinsipial və tələbkar idarəetmə üslubu nəticəsində yol təsərrüfatı sahəsində real dönüş yaranıb. Kollegiya iclasında təqdim olunan faktlar göstərdi ki, görülən işlər planlı, şəffaf və nəticəyönümlüdür.
İclasda Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov tərəfindən səsləndirilən rəqəmlər bir daha sübut etdi ki, yol təsərrüfatı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının əsas dayaqlarından biridir. Bu dövlət siyasətinin icrasında biz də yerlərdə məsuliyyətimizi dərindən dərk edirik.

– Agentliyin sədri Saleh Məmmədovun rəhbərliyi və yanaşması kollektivinizin fəaliyyətinə necə təsir edir?
– Saleh müəllimi mən ən şanslı rəhbərlərdən biri hesab edirəm. Çünki Zəfər yolunun çəkilişini cənab Prezidentimiz İlham Əliyev məhz ona etibar etdi. Bu, böyük etimadla yanaşı, tarixi məsuliyyətdir.
Eyni zamanda Saleh müəllim şəhid ailələrini və qaziləri hər zaman diqqətdə saxlayır, səyyar və şəxsi qəbullarda onları qəbul edir və bizə də daim tövsiyə edir ki, bu kateqoriyadan olan insanlara qarşı xüsusi həssas yanaşaq. Məhz bu yanaşmanın nəticəsidir ki, Şamaxıda həssas qrupdan olan ailələrin həyətlərinin və küçələrinin asfaltlanması işlərini mütəmadi həyata keçirmişik.


– Şamaxı rayonu iqlim şəraiti baxımından mürəkkəb bölgələrdəndir. Qış mövsümünə hazırlıq necə aparılır?
– Tamamilə haqlısınız. Şamaxı ərazisi qış aylarında intensiv qar yağışı və buzlanma ilə seçilir. Bizim kollektiv qış mövsümündə fasiləsiz rejimdə çalışır. Yollar vaxtında qardan və buzdan təmizlənir, təhlükəli sahələrə qum və duz səpilir. Məqsədimiz heç bir yolun bağlanmasına imkan verməməkdir.



– Tez-tez vurğulayırsınız ki, yol təsərrüfatı sahəsi Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttin tərkib hissəsidir. Bu irsə münasibətiniz necədir?
– 2020-ci ildə Saleh müəllim məni bu vəzifəyə təyin edəndə dəfələrlə xatırlatdı ki, Şamaxı Yol İdarəsi bizə Ulu Öndərin əmanətidir. “Oranı qoru, inkişaf etdir, hər zaman təmiz saxla”, – dedi.
Xatırlatma üçün qeyd edim ki, ötən əsrin 70-ci illərində Şamaxı Yol İdarəsi məhz Ulu Öndərin təşəbbüsü ilə tikilib. Biz də Saleh müəllimin tapşırığı və dəstəyi ilə Ulu Öndərin ad günü münasibətilə İdarənin qarşısını abadlaşdıraraq onun adını daşıyan, sakinlərin istirahəti üçün açıq olan gözəl bir park salmışıq. Bu, bizim üçün həm peşə borcu, həm də mənəvi məsuliyyətdir.


– Yol təsərrüfatına yanaşmanızda hansı əsas prinsip rəhbər tutulur?
– Saleh müəllim bizə hər zaman Ulu Öndər Heydər Əliyevin bu fikrini xatırladır: “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir.”
Biz də fəaliyyətimizi bu düşüncə üzərində qurmuşuq. Yol sadəcə asfalt deyil, insan həyatıdır. Hər bir əməkdaşımıza da bunu aşılayırıq.
– Kollegiya iclasında irad səsləndimi və tənqidləri necə qəbul edirsiniz?
– İş olan yerdə nöqsan da olur. Kollegiya iclasında sədrimiz Saleh müəllim bəzi əməkdaşlara iradlarını bildirdi. Kollektiv bunu tam normal və sağlam yanaşma kimi qəbul edirik. Qarşıdakı fəaliyyət dövründə var gücümüzlə həmin xırda nöqsanları aradan qaldırmağa çalışacağıq. Əsas məqsəd yol təsərrüfatında keyfiyyəti daha da yüksəltməkdir.
– Rəhbərlik etdiyiniz müəssisənin əsas fəaliyyət istiqamətləri hansılardır?
– 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC respublika və yerli əhəmiyyətli yolların istismarı, cari və əsaslı təmiri, eləcə də mövsümi risklərin aradan qaldırılması ilə məşğuldur. Xüsusilə qış aylarında yolların təhlükəsizliyinin təmin olunması bizim üçün prioritet məsələdir.
– İşğaldan azad edilmiş ərazilərdə aparılan yol layihələrində iştirakınız barədə nə deyə bilərsiniz?
– İşğaldan azad edilmiş torpaqlarda yol infrastrukturu bərpa prosesinin onurğa sütunudur. Bu ərazilərdə yolun çəkilməsi təkcə nəqliyyat məsələsi deyil, həm də iqtisadi, sosial və təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır. AAYDA-nın texnikası və mütəxəssisləri bu ərazilərdə aparılan işlərə cəlb olunub və biz bunu yalnız xidməti vəzifə deyil, eyni zamanda mənəvi borc kimi qəbul edirik.
– Qarşıdakı dövr üçün əsas hədəfləriniz nələrdir?
– Əldə olunan nəticələri qorumaq və daha da inkişaf etdirmək əsas məqsədimizdir. Həm işğaldan azad edilmiş ərazilərdə, həm də Şamaxı və digər məsuliyyət zonalarımızda yolların ilboyu təhlükəsiz və rahat olmasını təmin edəcəyik.
– Qarşıda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il gəlir. Sonda bu münasibətlə oxucularımıza nə demək istərdiniz?
– Fürsətdən istifadə edərək bütün yol təsərrüfatı işçilərini və vətəndaşlarımızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirəm. Arzu edirəm ki, yollarımız həmişə açıq, səfərlərimiz təhlükəsiz olsun. Yeni il hər kəsə sağlamlıq, əmin-amanlıq və uğur gətirsin.
Müsahibəni hazırladı: Xəlil Xəlilov






















