AZ

Araşdırma: döymələr immunitet sisteminə təsir göstərə bilər

Yeni elmi tədqiqata görə, döymələr yalnız estetik məqsəd daşımır, eyni zamanda bədənin immun reaksiyasını da dəyişdirə bilər.

E-saglam.az xəbər verir ki, alimlər xəbərdarlıq edirlər ki, döymə mürəkkəbləri xəstəliklərə qarşı müdafiə mexanizmlərinə təsir göstərə bilər.

İsveçrədəki Universita della Svizzera İtaliana nəzdində fəaliyyət göstərən Biotibbi Tədqiqat İnstitutu tərəfindən aparılan araşdırmada qara, qırmızı və yaşıl rəngli döymə mürəkkəblərinin toksikliyi öyrənilib. Tədqiqatçılar bunun döymə mürəkkəbinin immun sisteminə təsiri ilə bağlı indiyədək aparılan ən əhatəli araşdırmalardan biri olduğunu bildiriblər.

PNAS jurnalında dərc olunan nəticələrə əsasən, döymə mürəkkəbi yalnız dəridə qalmır, limfa düyünlərinə yayılır və immun sistemində uzun illər toplana bilir. Bu proses iltihaba səbəb olur və əsas müdafiə hüceyrələri olan makrofaqların fəaliyyətini zəiflədə bilər.

Xüsusilə qırmızı və qara mürəkkəblə edilmiş döymələrdə bu təsirin daha qabarıq olduğu qeyd edilir. Siçanlar üzərində aparılan sınaqlarda piqmentlərin limfa düyünlərində iki ay ərzində toplandığı müşahidə olunub.

Araşdırma zamanı döymə edilmiş siçanlarda Covid-19 peyvəndinə qarşı immun cavabın zəiflədiyi, lakin eyni mürəkkəbin qrip peyvəndinə reaksiyanı artıra bildiyi də müəyyən edilib. Alimlər bu nəticələrin insanlar üzərində aparılacaq əlavə tədqiqatlarla təsdiqlənməsinin vacib olduğunu vurğulayırlar.

Beynəlxalq Xərçəng Tədqiqatları Agentliyi də döymələrin immun reaksiyalar, limfomalar və bəzi xərçəng növləri ilə mümkün əlaqələrini araşdırır. Qurum bildirir ki, döymə piqmentləri nanohissəcik ölçüsündə ola və bədənə sistemli şəkildə yayıla bilər.

Mütəxəssislər döymə edən insanların sayının artdığını və bu səbəbdən döymə təhlükəsizliyinin ictimai sağlamlıq baxımından daha ciddi müzakirə olunmalı olduğunu qeyd edirlər. Avropada döymə mürəkkəbləri 2022-ci ildən etibarən REACH qaydaları ilə tənzimlənir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
21
e-saglam.az

1Mənbələr