Myanmada 2021-ci ildə hərbi çevriliş nəticəsində hakimiyyətə gələn xuntadan sonra ilk dəfə ümumxalq səsverməsi keçirilir.
"Far.Az" "Reuters"ə istinadən xəbər verir ki, fəallıq daha çox ölkənin ən böyük şəhərləri olan Yanqon və Mandalaydakı seçki məntəqələrində müşahidə olunur.
Myanma hərbi xuntasının lideri Min Aunq Hlayn paytaxt Naypyitoda səs verib.
Hakimiyyətin iddialarına görə, seçkilər mülki idarəetməyə keçidin bir hissəsidir.
Səsvermə yanvar ayı ərzində müxtəlif yaşayış məntəqələrində üç mərhələdə keçiriləcək. Yekun nəticələrin yanvarın sonuna qədər elan ediləcəyi gözlənilir. Hərbi qüvvələrlə sıx əlaqəli olan partiyaların yerlərin əksəriyyətini qazanacağı ehtimal olunur.
Myanma MSK-nın məlumatına görə, səsvermə ilk dəfə 50 mindən çox elektron maşın vasitəsilə keçirilir. Bu isə səslərin hesablanmasını sürətləndirəcək və saxtalaşdırma ehtimalını aradan qaldıracaq. Səsvermə prosesini Rusiya, Çin, Belarus, Qazaxıstan, Kamboca, Vyetnam, Nikaraqua və Hindistandan müşahidəçilər izləyir.