
Azərbaycanın quru sərhədlərinin hələ də bağlı qalması müxtəlif səbəblərlə izah edilir. Əsas versiyalardan biri "Azərbaycan Hava Yolları" ASC-nin (AZAL) inhisarçı mövqeyidir.
AZAL uzun illərdir ki, inhisarçı mövqeyi, bahalı bilet siyasəti və real rəqabətin olmaması səbəbindən ictimai tənqidlərin haqlı hədəfidir. Bu tənqidlər tam əsaslıdır və davam etməlidir. Lakin hər ciddi müzakirə kimi, bu mövzuda da emosiyalara yox, məntiqə və rəqəmlərə söykənmək lazımdır.
AFN.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli quru sərhədlərin AZAL-ın maraqları naminə bağlı saxlanılması ilə bağlı tezisi məhz bu prizmadan – rəsmi maliyyə göstəriciləri əsasında təhlil edidb.
Ekspertin sözlərinə görə, 2021-ci ildə – quru sərhədlərin tam bağlı olduğu dövrdə – AZAL 61 milyon 659 min manat xalis zərər açıqlayıb. Yəni sərhədlərin bağlı olması şirkətə heç də avtomatik mənfəət gətirməyib: "2022-ci ildə AZAL 110 milyon 620 min manat xalis mənfəət göstərsə də, həmin il şirkət 108 milyon 809 min manat dövlət subsidiyası alıb. Başqa sözlə, AZAL-ın “mənfəəti” faktiki olaraq büdcə hesabına formalaşıb. Bu, kommersiya uğuru yox, dövlət dəstəyinin maliyyə nəticələrində gizlədilməsi idi.
2023-cü ildə isə AZAL 117,683 milyon manat xalis mənfəət elan edib. Həmin il dövlət büdcəsindən alınan subsidiya 21,24 milyon manat təşkil edib. 2024-cü ilin yekun maliyyə nəticələri hələ açıqlanmayıb, lakin məlumdur ki, həmin il şirkət büdcədən təxminən 6 milyon manat subsidiya alıb. Mövcud dinamika onu göstərir ki, 2024–2025-ci illərdə də AZAL-ın xalis mənfəəti 100–120 milyon manat (təxminən 65–70 milyon dollar) civarında olacaq".
N.Cəfərli sual edir: ildə 70 milyon dollara görə bir ölkənin quru sərhədlərini illərlə bağlı saxlamaq nə dərəcədə məntiqlidir?
Bu qədər insanın həyatını çətinləşdirən, iqtisadi və sosial narazılıq yaradan, Azərbaycanın beynəlxalq imicinə zərbə vuran qərarın əsas motivinin cəmi 30–35 milyon dollar potensial fərq olması inandırıcı görünürmü? Onun sözlərinə görə, quru sərhədlər açıq olsaydı belə, AZAL yenə mənfəətlə işləyəcəkdi: "Ola bilsin ki, bu mənfəət 70 milyon yox, 30–35 milyon dollar olardı. Amma unutmayaq ki, AZAL hələ də inhisarçıdır, Avropa və Asiya istiqamətlərində isə quru sərhədlərin bağlı olub-olmamasının heç bir təsiri yoxdur".
Ekspertin sözlərinə görə, quru sərhədlərin bağlı qalmasından AZAL-ın əlavə qazancı əsasən Gürcüstan, qismən də Rusiya istiqaməti ilə bağlıdır. Ancaq sərhədlər açıq olan dövrlərdə də bu marşrutlar üzrə aviareyslər mövcud idi və kifayət qədər sərnişin daşınırdı.
Praktik nümunə sadədir: tək səyahət zamanı Bakından Tiflisə təyyarə bileti təxminən 200 manata, cəmi 50 dəqiqəyə başa gəlirdi. Avtomobillə isə yanacaq, radar cərimələri, yol xərcləri və saatlarla çəkən səfər eyni və ya daha baha başa düşürdü. Üstəlik, sərhəddə 2–3 saatlıq növbə əziyyəti də cabası.
N.Cəfərlinin fikrincə, bütün bunların fonunda “quru sərhədlər AZAL-a görə bağlıdır” tezisi iqtisadi baxımdan zəif, məntiqi baxımdan isə əsassızdır.
"Özünə hörmət edən dövlət ildə 30-35 mln. dollara görə vətəndaşlar arasında bu qədər narazılıq yaradan, ölkəmizin dünyada biabır edən qərar verməz" – deyə ekspert vurğulayıb.