AZ

Qvineyada prezident seçkiləri keçirilir

Qvineyada dövlət çevrilişindən dörd il sonra prezident seçkilərində səsvermə başlayıb.

"Far.Az" xəbər verir ki, bu barədə yerli SABC radiostansiyası xəbər yayıb.

Qeyd edilib ki, seçkilər Qvineyada konstitusiya quruluşunun bərpası və mülki idarəetmə formasına qayıdış prosesində ən vacib mərhələdir.

Ölkə üzrə 24 min seçki məntəqəsi açılıb. Seçki siyahılarına 7 milyon seçici daxil edilib. Hökumətin sərəncamına əsasən, səsvermə günü dövlət sərhədləri bağlanıb, ölkə daxilində xüsusi icazə olmadan nəqliyyatın hərəkəti qadağan edilib. Təhlükəsizliyi 12 min polis əməkdaşı təmin edir.

Qələbə şansları daha çox olan hazırkı keçid dövrü Prezidenti Mamadi Dumbuya daxil olmaqla, doqquz namizəd seçkilərdə iştirak edir. Dumbuyanın əsas rəqibi müxalifətçi Qvineya Demokratik Cəbhəsi Partiyasının irəli sürdüyü sabiq ali təhsil və elmi tədqiqatlar naziri (2015-2020) Abdulay Yero Balde hesab olunur.

Seçkiləri Afrika İttifaqı və Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən 120 beynəlxalq müşahidəçi izləyir.

Səsvermə 2025-ci ilin sentyabrında ümumxalq referendumunda qəbul edilən yeni konstitusiya əsasında keçirilir. Qanunla prezident mandatının müddəti beş ildən yeddi ilə qədər artırılıb. Eyni zamanda, bir şəxsin dövlət başçısı vəzifəsində iki müddətlə məhdudlaşdırılmasını nəzərdə tutan norma da qüvvədədir.

Dumbuyanın başçılığı ilə hərbçilər 2021-ci ilin sentyabrında Qvineyada dövlət çevrilişi edərək, o zamankı Prezidenti Alfa Kondeni hakimiyyətdən uzaqlaşdırıblar.

Prezident seçkilərindən sonra Qvineyada keçid dövrünü başa çatdıracaq və ölkəni mülki idarəetmə formasına qaytaracaq parlament seçkilərinin də keçirilməsi gözlənilir.

Seçilən
59
2
far.az

3Mənbələr