AZ

“Xaos, cərimə, əsəb” – AYNA-nın fəaliyyəti tənqid edildi

Siyasi şərhçi Şahin Nəcəfov Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyəti ilə bağlı tənqidi fikirlər səsləndirib. Onun sözlərinə görə, qurum yaradılarkən ictimaiyyətə yerüstü nəqliyyatın tənzimlənməsi və tıxacların azaldılması vədi verilsə də, real vəziyyət bunun əksini göstərir.

Tribuna.az-ın xəbərinə görə, Ş.Nəcəfov bildirir ki, AYNA-nın fəaliyyəti nəticəsində paytaxtda xaos, tıxaclar, cərimələrin artması, sürücülər arasında əsəb və gərginlik yaranıb. O qeyd edir ki, yol hərəkətinin təşkili, istiqamətlərin və yol nişanlarının dəyişdirilməsi əsaslandırılmadan, sürücülər əvvəlcədən məlumatlandırılmadan həyata keçirilir.

“Yol hərəkəti işarələri sürücünü yönləndirməli, gözə çarpacaq səviyyədə olmalıdır. Sürücü vərdişlə yox, işarələrlə hərəkət etməlidir. Amma mövcud vəziyyətdə tıxac içində yol ayrıcına çatanda sürücü birdən-birə qadağanedici xəttlə qarşılaşır və seçim qarşısında qalır: ya cərimə ödəməli, ya da geri qayıdıb yenidən tıxaca düşməlidir”, – deyə o vurğulayıb.
Ş.Nəcəfov yol nişanlanmasının həddindən artıq qarışıq olduğunu, çəkilən xətlərin sistemsizliyi səbəbindən sürücülərin çaşqınlıq yaşadığını bildirib. Onun fikrincə, kameralar vasitəsilə bu vəziyyətdən istifadə edərək kütləvi şəkildə cərimə tətbiq olunması vətəndaşların narazılığına səbəb olur.
“Vətəndaşın vergisi hesabına salınmış yollarda ağ xətlər çəkib cərimə yığmaq zəhmətsiz gəlir əldə etməkdir. Bu, qısa müddətdə gəlir gətirə bilər, amma iqtisadiyyata, ticarətə və yol kənarı biznesə vurduğu zərərin hələ hesabı aparılmayıb”, – deyə o qeyd edib.
O həmçinin ictimai nəqliyyatın səviyyəsinin yüksəldilməsinin vacibliyini vurğulayaraq bildirib ki, insanlar məcbur qalmadıqca şəxsi avtomobildən istifadə etməməlidir. Ş.Nəcəfovun sözlərinə görə, bu sahədə görülməli əsas işlər kənarda qaldığı halda, ikinci dərəcəli məsələlər ön plana çəkilir.
Velosiped yolları ilə bağlı məsələyə də toxunan Ş.Nəcəfov qeyd edib ki, ölkədə velosipeddən istifadə edənlərin faizi çox az olduğu halda, dar yolların böyük hissəsinin bu məqsədlə ayrılması əlavə gərginlik yaradır və vətəndaşların rifahına mənfi təsir göstərir.
Sonda o, AYNA rəhbərliyinə çağırış edərək bildirib ki, əgər bu addımlar təşviq xarakteri daşıyırsa, qurumun rəhbərliyi və əməkdaşları da gündəlik həyatlarında ictimai nəqliyyatdan və velosipeddən istifadə etməlidir:
“Bir lətifədə deyildiyi kimi, əvvəl özün namaz qıl, sonra başqasından tələb et”.
Seçilən
25
yenilik.az

1Mənbələr