AZ

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Bu mənada Qüdrət bəyin sözündə həqiqət payı çoxdur

 Narazılıq çoxdur, TƏBİB-in idarəetmə prinsiplərində boşluqlar var

"Biz icbari tibbi sığortaya keçirik. Hesab edirəm ki, səhiyyə müəssisələri özəlləşdirilməyə çıxarılmalıdır”. Bunu parlamentin plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat eyni zamanda TƏBİB-in fəaliyyətini sərt tənqid edib. O bildirib ki, bu qurumun yaradılması səhiyyədə gözlənilən müsbət dəyişiklikləri tam təmin etməyib və əksinə, cəmiyyətdə ciddi narazılıq formalaşdırıb. Deputatın fikrincə, TƏBİB-in mövcud idarəetmə modeli səmərəli deyil və səhiyyə sisteminin sağlamlaşdırılması üçün qurum ləğv edilməlidir: “TƏBİB adlanan qurum yarandı və həmin qurum insanların nifrətini qazanıb. Hesab edirəm ki, həmin qurum ləğv edilməlidir”.

Bu açıqlamalar onu göstərir ki, icbari tibbi sığortaya keçid təkcə texniki və maliyyə məsələsi deyil, eyni zamanda idarəetmə fəlsəfəsinin dəyişdirilməsini tələb edir. Səhiyyədə real nəticələr əldə etmək üçün şəffaflıq, hesabatlılıq, vətəndaş məmnunluğu və rəqabət prinsipləri əsas meyarlar kimi ön plana çəkilməlidir.

Azərbaycanda səhiyyə sisteminin faktiki olaraq üç ayrı qurum tərəfindən idarə olunduğunu vurğulayan həkim- terapevt Şahvələd Məmmədov Sherg.az-a açıqlamasında deputatın təklifini dəstəkləyib:

“TƏBİB, İcbari Tibbi Sığorta (İTS) və Səhiyyə Nazirliyinin hər birinin fərqli funksiyaları var, lakin bu funksiyalar arasında koordinasiya və əlaqələndirmə zəifdir, bu da vətəndaşların müraciətlərinə mənfi təsir göstərir. İcbari Tibbi Sığorta maliyyə məsələlərinə, yəni xidmətlərin maliyyələşdirilməsi, sığorta ödənişləri və büdcə məsələlərinə nəzarət edir. TƏBİB isə poliklinika və ambulatoriya xidməti göstərən müəssisələrin struktur idarəetməsinə və gündəlik əməliyyatların təşkili ilə məşğuldur. Nazirlik isə tibb işçilərinin sertifikatlaşdırılması, onların peşəkar hazırlığı və təhsil müəssisələrinə nəzarət funksiyasını icra edir. Bu mənada Qüdrət bəyin sözündə həqiqət payı çoxdur. İTS özünü doğrulda bilmədi, narazılıq çoxdur. TƏBİB-in idarəetmə prinsiplərində boşluqlar var. Nevroloji problemi olan vətəndaşlar poliklinikaya müraciət etdikdə, onu birbaşa nevroloqa yönləndirmək əvəzinə əvvəl sahə terapevti tərəfindən müayinə olunur. Daha sonra isə uzun prosedurlar və müraciət mərhələləri nəticəsində nevroloqa yönləndirilir. Bu, artıq narahatlıq içində olan xəstələr üçün əlavə gərginlik və vaxt itkisinə səbəb olur. Kəskin respirator xəstəliklə bağlı poliklinikaya müraciət edib analiz verən xəstənin laboratoriya cavabları 3 gün sonra gəlir. Düzgün diaqnoz qoyulması vaxt aparır və nəticədə xəstənin vəziyyəti ağırlaşır və pnevmoniyaya çevrilir. Səhiyyə sistemi vahid mərkəzdən idarə edilsə, daha yaxşı olar. Bu zaman xəstəxanalar, poliklinikalar və ambulator xidmətlər arasında koordinasiyanı artırar, xəstələrə xidmətin sürətini və keyfiyyətini yüksəldər, həmçinin bürokratik maneələri minimuma endirər”.

Ş.Məmmədov hesab edir ki, sistemin səmərəli işləməsi üçün həm qurumlararası əlaqələndirmə gücləndirilməli, həm də vətəndaşyönümlü xidmət prinsipləri ön plana çıxarılmalıdır: "Bu, yalnız xəstələrin vaxt itkisinin və narazılığın qarşısını almaqla qalmayacaq, həm də ölkədə səhiyyə sisteminin davamlı inkişafını təmin edəcək”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
sherg.az

1Mənbələr