AZ

Sağlam mədə üçün səhər içməli olduğunuz ilk içki açıqlandı

Səhər saatları həzm sistemi üçün ən həssas vaxtlardan biri hesab olunur. Gecə ərzində maye itirən bədən oyanan kimi mədə və bağırsaqları tədricən oyatmağa ehtiyac duyur. Mütəxəssislər bildirirlər ki, acqarına içilən ilk içki gün ərzində həzmin necə işləyəcəyinə birbaşa təsir göstərir.

E-saglam.az xəbər verir ki, qidalanma mütəxəssislərinə görə, günə ilıq içki ilə başlamaq mədə üçün ən yumşaq və təhlükəsiz seçimdir. EatingWell-in məlumatına əsasən, ilıq mayelər mədə və bağırsaq əzələlərini rahatladır, həzm prosesini tədricən aktivləşdirir və şişkinlik riskini azaldır.

İlıq içkilər mədə hərəkətlərini dəstəkləyir və soyuq içkilərdə rast gəlinən spazm riskini azaltmağa kömək edir. Xüsusilə səhərlər ləng həzm, qəbizlik və ya mədə narahatlığı yaşayan insanlar üçün bu daha vacib hesab olunur.

Mütəxəssislər həmçinin qeyd edirlər ki, gecə boyunca yaranan yüngül susuzluq həzm sistemini yavaşlada bilər. Səhər ilıq və ya isti içki içmək maye balansını bərpa edir və enerji səviyyəsinin daha stabil olmasına kömək edir.

Nanə, zəncəfil və çobanyastığı çayları səhər üçün ən çox tövsiyə edilən variantlardandır. Bu içkilər ürəkbulanmanı azaldır, mədəni sakitləşdirir və həzmi yormadan işə salır.

Bitki çayı sevməyənlər üçün alternativ olaraq limonlu ilıq su və ya sadə su tövsiyə olunur. Qəhvə isə bağırsaq hərəkətlərini artıra bilsə də, həssas mədəsi olanların onu acqarına içərkən ehtiyatlı olması məsləhət görülür.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
18
e-saglam.az

1Mənbələr