AZ

15 yaşlı vunderkind Aydan Nuriyeva dünya klassikasını Azərbaycan poeziyası ilə birləşdirdi – FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında beynəlxalq müsabiqələr laureatı, 15 yaşlı pianoçu Aydan Nuriyevanın iştirakı ilə zərif musiqi-poetik axşam keçirilib.

İlk akkordlardan aydın oldu ki, səhnədə sadəcə gənc ifaçı deyil, nadir istedada və dərin musiqi duyumuna malik formalaşmış sənətçi var. Yozef Haydn, Frederik Şopen, Robert Şuman və Qara Qarayevin əsərləri Aydanın ifasında xüsusi çalarlarla - səmimi, incə və duyğulu səsləndi. Sanki fortepiano onun əllərində canlanır, barmaqlarının altındakı klavişlər isə sözsüz şəkildə hər bir dinləyiciyə çatan emosiyalar selinə çevrilirdi. Zal gərgin sükuta qərq olur, bir an sonra isə gur, uzun sürən alqışlarla dolurdu.

Axşamın musiqi palitrası poeziya ilə ustalıqla tamamlandı. Aparıcı Səmray Əliyeva əsərlər arasında bəstəkarların yaradıcılıq cizgilərini incəliklə təqdim edərək onların daxili dünyasını və əsərlərin ideya məzmununu açdı. Musiqi ilə ahəngdar şəkildə proqramda bədii qiraət də yer aldı: ədəbiyyat qiraətçisi Hüseynağa Aslanov Azərbaycan şairləri Nüsrət Kəsəmənli və Nəriman Həsənzadənin şeirlərini duyğulu tərzdə səsləndirərək gecəyə xüsusi emosional və fəlsəfi dərinlik qatdı.

Aydan Nuriyevanın musiqi yolu erkən yaşlarda başlayıb. O, ilk musiqi dərslərini dörd yaşında nənəsi - Rusiyanın fəxri təhsil işçisi Nazirə Cəngirovadan alıb. Altı yaşından etibarən gənc pianoçu müsabiqə səhnələrində inamla öz sözünü deməyə başlayıb. Yaşının az olmasına baxmayaraq, Aydan Azərbaycan, Rusiya, ABŞ və İtaliyada keçirilən bir çox nüfuzlu beynəlxalq müsabiqələrin Qran-pri qalibi və laureatıdır. Onun çıxış coğrafiyası təsiredicidir: ABŞ-da Carnegie Hall, İtaliyada Duomo di San Lorenzo, Moskva Dövlət P.İ.Çaykovski adına Konservatoriyasının Raxmaninov zalı, "Gradsky Hall" konsert zalı, "Çarskoye Selo" Dövlət Muzeyinin zalı, VDNX-də "Azərbaycan" pavilyonu və digər nüfuzlu səhnələr.

Aydan öz ustalığını daim təkmilləşdirir, Rusiya, Gürcüstan, Monteneqro və İtaliyada tanınmış musiqiçilərin ustad dərslərində iştirak edərək istedadının yeni çalarlarını kəşf edir. 2022-ci ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil alır; burada onun sənətkar kimi formalaşması peşəkar dərinlik və səhnə yetkinliyi ilə zənginləşməkdə davam edir.

Bu axşam bir daha sübut etdi ki, Aydan Nuriyevanın böyük sənətdəki yolu yeni parlaq kəşflər və yaradıcılıq zirvələri vəd edir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
57
milli.az

1Mənbələr