Azərbaycanda dövlət idman siyasəti: sistemli yanaşma, davamlı inkişaf və beynəlxalq uğurlar
Azərbaycanda idmanın inkişafı artıq təkcə ayrı-ayrı yarışlarda qazanılan uğurlarla deyil, uzunmüddətli hədəflərə hesablanmış, sistemli və ardıcıl dövlət siyasəti ilə səciyyələnir. Son illər bu sahədə formalaşdırılan strateji yanaşma idmanı cəmiyyətin bütün təbəqələrini əhatə edən mühüm sosial institut səviyyəsinə yüksəldib. 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhz bu ardıcıllığın və məqsədyönlü siyasətin real nəticələr verdiyini vurğulayaraq, əldə olunan nailiyyətləri konkret rəqəmlər və gələcəyə hesablanmış baxış prizmasından diqqətə çatdırdı. Dövlət başçısının çıxışı bir daha göstərdi ki, idmanın inkişafı Azərbaycanda düşünülmüş proqramlar, güclü infrastruktur, peşəkar kadr hazırlığı və gənclərin fəal cəlb olunmasına əsaslanan kompleks yanaşmanın məntiqi nəticəsidir.
Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, bu il idmançılarımız beynəlxalq yarışlarda 2000-dən çox medal, o cümlədən 600-dən artıq qızıl medal qazanaraq rekord göstəriciyə imza atıblar. Keçən illə müqayisədə medal sayının artması təsadüfi deyil. Bu, Azərbaycanda idmana göstərilən sistemli diqqətin, məqsədyönlü dövlət siyasətinin və illərdir həyata keçirilən proqramların məntiqi nəticəsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, “idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti, əlbəttə ki, ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır”.
Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu siyasət çərçivəsində ölkədə idman infrastrukturu demək olar ki, sıfırdan qurulub və bu gün ən yüksək standartlara cavab verir. Regionların sosial-iqtisadi inkişafı strategiyası ilə paralel şəkildə bölgələrdə müasir idman obyektləri istifadəyə verilib. Təkcə bu il Gəncə və Yevlax şəhərlərində Olimpiya İdman Komplekslərinin tikintisinin başa çatdırılması bunun bariz nümunəsidir. Beləliklə, bölgələrdə fəaliyyət göstərən Olimpiya İdman Komplekslərinin sayı 46-ya çatıb ki, bu da gənclərin idmana cəlb olunması üçün geniş imkanlar yaradır. Prezident İlham Əliyev çıxışında xüsusi olaraq vurğuladı ki, sağlam gənc nəsil ölkənin gələcək inkişafının əsas şərtidir. Gənclərin fiziki sağlamlığı ilə yanaşı, onların mənəvi dəyərlər əsasında formalaşması da dövlət siyasətinin prioritetidir. Uşaqlıqdan idmana marağın təşviqi gələcək idman uğurlarının təməlini qoyur və eyni zamanda sağlam cəmiyyətin formalaşmasına xidmət edir.
Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Gənclər Vətən sevgisi ilə böyüməli, fiziki hazırlıqla mənəvi saflıq vəhdət təşkil etməlidir. Məhz bu harmoniya ölkənin davamlı və uğurlu inkişafını təmin edə bilər. Bu baxımdan idmanın gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında rolu əvəzsizdir.
Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycanda idman yalnız yarış nəticələri ilə ölçülmür. İdman sağlam həyat tərzinin, milli həmrəyliyin, vətənpərvərliyin və güclü dövlət quruculuğunun mühüm tərkib hissəsidir. Bu siyasətin uğurla davam etdirilməsi Azərbaycanın beynəlxalq idman arenasında mövqelərini daha da möhkəmləndirəcək və ölkəmizi yeni zəfərlərə aparacaq. Millət vəkili Tamam Cəfərova belə deyib.