İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla görüşdə Qəzza sektorunda daha bir hərbi əməliyyat üçün Amerika liderinin dəstəyini almağa cəhd edə bilər.
"Report" xəbər verir ki, bu barədə CNN İsrail mənbələrinə istinadən məlumat yayıb.
"Ən çox siyasiləşdirilən məsələ Qəzza olaraq qalır: Tramp sülh sazişinin növbəti mərhələsində irəliləyiş istəyir, Netanyahu isə daha çox güzəştlərə müqavimət göstərən sağçı koalisiyasının təzyiqi ilə üzləşir. İsrail mənbələri ehtimal edir ki, Netanyahu atəşkəsin davam etdirilməsinə razılıq verməzdən əvvəl Qəzzada yeni əməliyyata icazə almağa çalışacaq. Bu, daha sonrakı kompromislərdən əvvəl tərəfdaşlarını razı salmaq üçün güc nümayişi olacaq", - telekanal bildirib.
Həmçinin, mənbələr Netanyahunun qarşılıqlı öhdəliklər təklifini irəli sürəcəyini ehtimal edirlər. Belə ki, Qəzza üzrə sazişin həyata keçirilməsi İrana və ya Livana münasibətdə İsrailin təhlükəsizlik zəmanətləri ilə əlaqələndiriləcək.