Misli Premyer Liqasının 2025/26 mövsümünün ilk yarısı arxada qalıb. Qış fasiləsinədək olan dövrdə klubların qapıçı statistikası diqqət çəkib.
QOL.az xəbər verir ki, mövsümün geridə qalan hissəsində klublar ümumilikdə 35 qapıçı sifariş ediblər. Onlardan 23-ü yerli, 12-si isə legioner statusundadır.
Bu "əlcək sahibləri"ndən 13-ü hələlik meydana çıxmaq şansı qazanmayıb. Baş tutan 16 tur ərzində 12 komanda ümumilikdə 22 qapıçıya güvənib. Meydana çıxan qolkiperlərdən yalnız 17-si qapısını toxunulmaz saxlamağı bacarıb.
Mövsümün ilk yarısında ən çox matçda qapısını qoldan qoruyan qapıçıların siyahısına Oleq Baklov başçılıq edir. “Turan Tovuz”un qolkiperi 15 oyunda 8 dəfə məyus olmayıb.
Ən çox matçda qapısını toxunulmaz saxlayan “beşlik”:
1. Oleq Baklov (“Turan Tovuz”) - 8 quru (15 oyun)
2. Stas Pokatilov (“Sabah”) - 8 (16)
3. Andrey Sinenka (“İmişli”) - 7 (16)
4-5. Kenan Piriç (“Neftçi”) - 6 (16)
Rikardo Fernandes (“Şamaxı”) - 6 (16)
Mövsümün rekordu Sinenkada
Çempionatın ilk yarısında ən uzun quru oyunlar seriyası 5 matçdan ibarət olub ki, bu göstərici də Andrey Sinenkaya məxsusdur. "İmişli"nin qapıçısı mövsümün ilk 5 turunda qapısını toxunulmaz saxlayıb (baxmayaraq ki, onun əvəzlənməsindən sonra komandası qol buraxıb). O, topu qapısında yalnız 6-cı turda - Premyer Liqadakı 529-cu dəqiqəsində görüb. Bu, hələlik mövsümün mütləq rekordudur.
Şahrudinin seriyası davam edir
"Qarabağ"ın qapıçısı Şahrudin Məhəmmədəliyev isə aktiv seriyası ilə diqqət mərkəzindədir. II turda qol buraxan təcrübəli qolkiper, sonrakı 5 matçda qapısını qorumağı bacarıb. Onun hazırda davam edən toxunulmazlıq seriyası 468 dəqiqəyə bərabərdir.