AZ

Premyer Liqa üstündə “qırğın” - Burada nələr yaşanır?

Premyer Liqanın ardınca Birinci Liqa da qış fasiləsinə yollandı.

Son illər reqlamentin bərpa olunması aşağı liqaya olan marağı bir xeyli artırıb.

Formallıqdan uzaqlaşan yarış yerini ciddi rəqabətə verib.

Bunu mövsümün birinci yarısında aydın görmək mümkün oldu.

Çempionluq uğurunda 4 komandanın şansları hələ də qalır.

Təbii ki, üstün durumda olanı "Şəfa"dır. Qış çempionu ən yaxın izləyicisini 5 xal qabaqlayır. Amir Ebrahimzade xaric bütünlüklə yerli oyunçulardan qurulmuş komanda məğlubiyyətsiz irəliləyir. Gənc baş məşqçi Elgiz Kərəmlinin əlinin altında Premyer Liqa təcrübəsi olan Tərlan Quliyev, Elnur Cəfərov, Emin Zamanov, Ruslan Hacıyev, Amil Yunanov, Zahid Mərdanov, İsmayıl Zülfüqarlı kimi adlar cəm olub. Gənclər millimizin üzvü Nahid Əliyevin təcrübəli yoldaşlarına köməyini də unutmaq olmaz. Yola Premyer Liqaya birbaşa yüksəlmək hədəfi ilə çıxan Bakı klubu istəyinə çox yaxın kimi görünür.

Ötən mövsümün ortabablarından olan "Baku Sportinq" hamını təəccübləndirməyə davam edir. Röyal Nəcəfovun yetirmələri 25 xalla ikinci sırada qərarlaşır. Görünən odur ki, mövsümün startı ərəfəsində baş məşqçi Elman Sultanovla yolları ayırmaq faydalı olub. 3 əcnəbi futbolçunun xidmətindən istifadə edən Buzovna təmsilçisində "Neftçi" və "Qarabağ"dan hamımıza yaxşı tanış olan Elşən Abdullayev də çıxış edir. Birinci Liqanın məşhur adlarından hesab edilən İlham Allahverdiyevin də burada olmasını xüsusi qeyd etmək olar. Elşən və İlhamla bərabər ötən mövsüm "İmişli"ni formasını geyinmiş Pablo Enrike Alveşin də uğurlu çıxışda payı böyükdür. Bakılılar qış transfer pəncərəsində heyəti bir qədər gücləndirməklə çempionluq yarışında uzun müddət duruş gətirə bilər.

Mövsümün arxada qalan hissəsində fiaskosu birmənalı olaraq "Səbail"dir. Bayıl təmsilçisi 22 xalla üçüncü sırada qərarlaşır. Liderlə arada nə az, nə çox 8 xallıq fərq var. 9-cu turda mövsümdə ilk məğlubiyyətini "Cəbrayıl"dan alan Bakı klubu baş məşqçi Elvin Məmmədovla yolları ayırmağa qərar verdi. İlk məğlubiyyətə kimi isə kollektiv 5 qələbə, 3 bərabərliklə yadda qalmışdı. Heç-heçələrdən biri "Şəfa", digərləri "Şimal" və "Baku Sportinq"ə qarşı matçlarda rellaşıb. Yeni baş məşqçi Adil Şükürova olan ümidlər də özünü doğrultmur. Təcrübəli mütəxəssislə vəziyyət daha da pisləşdi. Şükürovun rəhbərliyi altında keçirdiyi 3 matçda "Səbail" cəmi 1 qələbə qazana bilib. O da autsayder "Difai" üzərində. 11-ci turda "Şahdağ Qusar"la səfər oyununda məğlubiyyətdən çətinliklə xilas olan komanda son görüşdə aşkar autsayder "Şimal"dan doğma divarlar arasında şok məğlubiyyət aldı - 3:4.

Premyer Liqanı bu il tərk edən "Dənizçilər" təcrübəsinə, büdcəsinə, heyətinə, şəraitinə görə digər rəqiblərini birbaş üstələyir. Belə olan halda göstərilən nəticələr qəbuledilməzdir.

Müsbət mənada digər komandalardan "Mingəçevir"i qeyd etmək olar. Maliyyə problemlərinə rəğmən Ramiz Məmmədov ciddi cəhdlə liderlər qrupunda qalmağa, ilk iki yer uğurunda mübarizə aparmağa çalışır. 21 xalla 4-cü sırada yer alan bölgə təmsilçisinə müəyyən dəstək olunsa, təcrübəli mütəxəssis mövsümün ikinci yarısında vəziyyəti öz xeyrinə dəyişə bilər. Bu komanda üçün hələ heç nə bitməyib. Yox, problemlər yerində sayacaqsa, ən yaxşı halda elə 4-cü pillədə qalmaq mümkün olacaq.

Maliyyə problemlərinə rəğmən "Şahdağ Qusar"ın da liqada qalmaq uğurunda mübarizəsinə ancaq alqış düşür. Şimal təmsilçisi hətta iddalılara belə başağrısı olmağı bacarıb.

Qeyri-sabit çıxış edən "Difa" təhlükəli zonada qalmağa davam edir.

Sonuncu pillənin daimi sakininə çevrilən "Şimal"ın elə sona qədər də buranı tərk edəcəyi çox çətin görünür.

"Zaqatala" artıq illərdir ortabab statusunu özəlləşdirib.

Yayda 1 milyon manat büdcə ayrılan MOİK-in çıxışı rəhbərliyi məmnun edə bilməz. "Hərbiçilər" qış fasiləsinə 14 xalla 6-cı pillədə yollandı. Komandanın vurduğu 14 qoldan 11-nin müəllifi olan liqanın bombardiri Seyxan Fərəcov olmasaydı, yəqin ki, MOİK cədvəlin daha aşağı sıralarında var-gəl edirdi.

XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ

Seçilən
39
sportinfo.az

1Mənbələr