Əvvəllər keçmiş baş nazir Naftali Bennetin smartfonundan məxfi materiallar əldə etdiyini iddia edən İran haker qrupu “Handala” bu dəfə baş nazir Binyamin Netanyahunun administrasiyasının rəhbəri və İsrailin Birləşmiş Krallıqdakı səfiri təyin olunmuş Tzachi Bravermanın iPhone 16 Pro Max telefonundan məlumat əldə etdiklərini açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İsrailin 9-cu Kanalı məlumat yayıb.
Hakerlər iddia edirlər ki, baş nazirə aid həssas məlumatları əldə ediblər və yaxın günlərdə onları ictimaiyyətə təqdim etməyi planlaşdırırlar.
“Handala” qruplaşmasının “X” hesabında yaydığı açıqlamada deyilir:
“Bizdə hər şey var. Şifrələnmiş söhbətlər, gizli sazişlər, utancverici mənəvi və maliyyə güzəştləri, səlahiyyətlərdən sui-istifadə, şantaj, rüşvət. İllərdir ki, “Handala”nın aranızda olmadığını düşünərək kiçik oynunuzu oynayırsınız. Amma biz hər zaman otaqda idik”.
Hakerlər həmçinin bildiriblər ki, “Qatargate” işi üzrə dəlillər də əllərindədir. Bu işdə İsrail baş nazirinin müşaviri Yonatan Urix, keçmiş hərbi mətbuat katibi Eli Feldşteyn, ehtiyata buraxılmış general-mayor Yoav Mordexay və keçmiş müşavir İsrael Einhorn şübhəli bilinirlər.
İsrail baş nazirinin administrasiyası isə açıqlama verərək bildirib:
“Hazırda heç bir qanun pozuntusu aşkar edilməyib. Məsələ araşdırılır”.
Musavat.com
