Göz sağlamlığını qorumaq və yaş artdıqca ortaya çıxan görmə problemlərini azaltmaq üçün düzgün qidalanma mühüm rol oynayır. Mütəxəssislərin fikrincə, bəzi tərəvəzlər tərkibindəki vitamin və antioksidantlar sayəsində gözü zərərli təsirlərdən qoruyur və görmə keyfiyyətinin uzun müddət saxlanmasına kömək edir.
E-saglam.az xəbər verir ki, yaş artdıqca göz əzələləri zəifləyir, retina daha həssas olur və görmə itiliyi tədricən azalır. Bu prosesi tam dayandırmaq mümkün olmasa da, düzgün qidalanma ilə onu yavaşlatmaq mümkündür. Xüsusilə vitamin və antioksidantlarla zəngin tərəvəzlər göz xəstəliklərinə qarşı qoruyucu təsir göstərir.
Mütəxəssislər göz sağlamlığı üçün ən faydalı tərəvəzlərdən birinin ispanaq olduğunu bildirirlər. İspanaq lutein və zeaksantin adlı güclü antioksidantlarla zəngindir. Bu maddələr gözləri zərərli mavi işıqdan qoruyur və retinanın sağlam qalmasına dəstək olur.
Araşdırmalara görə, ispanağın müntəzəm qəbulu yaşa bağlı makula degenerasiyası və katarakta riskini azalda bilər. Bu xəstəliklər isə yaşlılıq dövründə görmə itkisinə ən çox səbəb olan problemlər sırasındadır.
İspanağın tərkibində olan A vitamini gözün işığı qəbul etmə qabiliyyətini gücləndirir, gecə görməsini yaxşılaşdırır və göz yorğunluğunu azaldır. Antioksidant təsiri isə göz hüceyrələrinin daha uzun müddət sağlam qalmasına kömək edir və görmənin daha aydın olmasını təmin edir.
Qidalanma mütəxəssisləri ispanağın həftədə bir neçə dəfə rasiona daxil edilməsini tövsiyə edirlər. O, salatlarda çiy halda, yeməklərdə yüngül bişirilmiş şəkildə və ya smuzi kimi istehlak oluna bilər. İspanaq yalnız göz sağlamlığı üçün deyil, ümumi immun sisteminin güclənməsi üçün də faydalı hesab olunur.
Tərcümə: Könül Oruc
E-saglam.az