Bu yaxınlarda Türkiyədə Borçalıdan olan mühacir İman Yıldırımtürkün oğlu Mustafa Yıldırımtürkün siyasi xatirələrini ehtiva edən kitabı işıq üzü görüb. “İzlər. Fırtınalı illərdən xatirələr. 1970-1990” adlı kitabda müəllif sol yönümlü təşkilatlardakı fəaliyyətindən, həbsxanadan qaçışından bəhs edib. Hazırda Berlin şəhərində yaşayan müəllifin siyasi fikirlərini, seçdiyi yolu doğru görməsək də, bu kitabda ailəsinin keçmişi ilə bağlı bizi maraqlandıran məlumatların olacağını düşünərək kitabı əldə etdik. Yanılmadıq. Borçalıda bolşeviklərə qarşı partizan müharibəsi aparmış İman Yıldırımtürk haqqında maraqlı bilgilər vardı.
İman Yıldırımtürk adını ilk dəfə Ankarada Azərbaycan Kültür Dərnəyinin sədri Cəmil Ünalın evində olarkən ondan eşitmişdim. Daha sonra “Türk kültürü” dərgisində azərbaycanlı mühacir Hüseyn Baykaranın Qarsla bağlı səfər qeydlərində geniş məlumat öyrənmişdim. Baykaranın xatirələrini dilimizə uyğunlaşdıraraq İman bəyin həyat yolunun vətənində də bilinməsini istəmişdim. Həmin yazıdan sonra İman bəyin ailəsindən Güven Yıldırımtürklə əlaqə yarada bildim və o, mənə atasının bəzi şəkillərini göndərdi, həyat hekayəsi ilə bağlı məlumat verdi. 24 oktyabr 2023-cü ildə Qarsda ikən “Yeni məhəllə Əsri” məzarlığına gedərək Yıldırımtürk ailəsinə aid məzarların şəklini çəkdim. Həmin məzarlıqda ailədən bu şəxslər dəfn olunublar:
Təkməzqulu oğlu İman Yıldırımtürk: 1315-21.08.1971
Təkməzqulu oğlu Nadir Yıldırımtürk: 1320-02.01.1964
İman qızı Asya Yıldırımtürk: - 14.08.1981
Nadir oğlu Təkməz Yıldırımtürk: 11.12.1938 – 16.08.1980
Mahmud qızı Hilal Yıldırımtürk: 1326-07.11.1997
Nadir oğlu Fevzi Yıldırımtürk: 10.06.1940-05.06.2016
Məzar daşındakı bilgidən aydın olur ki, İman bəy 1899-cu ildə doğulub, 21 avqust 1971-ci ildə vəfat edib. Bu məlumatlar xaricində İman bəyin həyatı haqqında əlimizdə yetərli bilgi yoxdu. Ona görə də Mustafa Yıldırımtürkün kitabındakı bilgilər önəmlidir. O, əsərində ailəsi haqqında bu bilgiləri verib:
“Atam və anam qarslı deyillər. Atam Gürcüstandan, anam isə İrəvandan Türkiyəyə gəlib. Ən böyük qardaşım xaric digər yeddi qardaş Qarsda doğulmuşuq. Liseyi bitirənə qədər hamımız Qarsda yaşamışıq. Zaman keçdikcə təsiri azalsa da, hamımızda Qars mədəniyyətinin təsiri çoxdur. Amma azərilik həmişə daha həlledici olmuşdur. Azəri türkülərini dinləmək mənim üçün vazkeçilməz bir ehtiyacdır.
Ailə həyatımız bir az təlatümlü, qarmaqarışıq və maraqlı hadisələrlə doludur. Babam Gürcüstanın Tiflis şəhərinin (quberniyasının – D.Ə) Borçalı qəzasının Faxralı kəndindəki ən güclü mülkədar ailəsindəndi. Rusiyada Leninin liderliyində baş tutan Oktyabr inqilabından sonra bolşeviklər çar Rusiyasının yerinə xalq iqtidarını qurmağa başladıqları zaman ilk işlərindən biri də mülkədarlıq sisteminə qarşı kolxozları inşa edərək yoxsul kəndlilərə daha yaxşı həyat şərtləri təmin etmək olmuşdur. Bu inqilabi dəyişikliklərə qarşı birbaşa və ya dolaylı olaraq mülkədarlar və qulaqların bir çoxu mənfəətlərinə görə qarşı çıxırdılar. Onlardan bir qismi də bolşevik inqilabına qarşı üsyan edirdilər. Bolşeviklərə qarşı üsyan edənlərdən biri də atam idi. Atam və silahdaşları Gürcüstanın Borçalı qəzasının Faxralı kəndindən dağa çıxaraq illərlə bolşeviklərlə vuruşmuşdular. Sonunda məğlubiyyət qaçılmaz hala gəldiyi üçün atam bir qrup yoldaşı ilə birlikdə 1930-cu illərdə Türkiyəyə sığınmaq məcburiyyətində qaldı. Atam Türkiyəyə gələrkən arvadını və oğlunu məcburən Faxralıda qoydu. Daha sonra fürsət tapıb onları aparmağa gedəndə yoldaşının qardaşları təzyiq görəcəkləri qorxusu ilə ona qarşı çıxdılar. Atam ilk arvadını və oğlunu gətirə bilməyərək geri qayıtdı. Bu məcburi imtinanın ağrısını atam ölənə qədər çəkdi. Çox bildirmək istəməsə də, övladları onun bu sınıqlığına hər zaman şahid oldu. Atam daha sonra özü kimi mühacir olaraq Türkiyəyə gəlmiş anamla evlənir. Anam İrəvanda doğulub, qaçaqaç savaşında dayısının köməyilə Araz çayını keçərək Qarsın Iğdır qəzasına gətirilib. Sovet dönəmində qaçaqaç savaşları etnik və ya dini səbəblərdən daha çox, böyük torpaq sahiblərinin mülksüzləşdirilməsi mərhələsində baş vermiş məcburi köçləri ifadə edir. Anam Zəroşun çox xəstə olan anası bu köç yolçuluğunda Araz çayının sularına qərq olaraq boğulur. O zamanlar 5-6 yaşındakı anam dayısı tərəfindən Iğdıra daha əvvəl köç edən nənəsinin yanına gətirilir. Sonralar atası qızını aparmaq üçün İrəvandan Araz çayını keçərək Iğdıra gəlir. Amma nənəsi “Zəroşu mən böyüdəcəyəm” deyərək onu atasına vermir.
Atam Qarsın sərhədində bir qrup yoldaşı ilə Türkiyəyə girdiyi zaman silahlarıyla birlikdə dövlət nümayəndələrinə təslim olurlar. Dövlət bolşeviklərə qarşı vuruşmuş atam və yoldaşlarına çox yüksək səviyyədə diqqət göstərir. Atama Ankarada bir ferma ərazisi təklif edilir. Fəqət atam məmləkətinə daha yaxın olduğu üçün, bir gün geri dönərəm ümidi ilə Qarsda qalmağı seçir. Dövlət Qarsa yaxın Boğatəpə (Kiçik Zavod) kəndində atama ev və ərazi verir. Atam orada ticarətlə məşğul olarkən yoldaşları ilə birlikdə Iğdırda dəri alveri də edir. Bir tərəfdən də ara-sıra Rusiyaya gedib-gələrək bir çox yoldaşını, tanışını da Türkiyəyə gətirir. Anamla da Iğdırda eyni məhəllədə qonşu olduğu üçün tanış olur, daha sonra evlənərək Boğatəpəyə yerləşirlər. Atam Qarsa 20 km uzaqlıqda bir ferma (Borluk Nümunə Ferması) alaraq ata-baba məsləyi olan əkinçilik və heyvandarlıqla məşğul olmağa başlayır. Uşaqlığımızın keçdiyi o fermada dövrün ən keyfiyyətli qruyer və kaşar pendirinin istehsalına şəxsən şahid olduq. Yeddi qardaşın hamısının uşaqlığı Qarsda keçdi...”.
Şübhəsiz ki, Borçalıdan və İrəvandan Türkiyəyə köçən bəzi mülkədarlar kollektivləşdirməyə qarşı çıxmışdılar. Amma unutmayaq ki, 1915-1930-cu illər arasında türk əhalinin bölgəni tərk etməsinin ən əsas səbəbi erməni zülmü və bolşevik işğalı idi.
Kitabın sonrakı səhifələri Mustafa Yıldırımtürkün özünün həyatı və siyasi fəaliyyəti ilə bağlıdır.
Dilqəm ƏHMƏD