AZ

Türkiyəli ekspert: Azərbaycana qarşı qərəzli məhdudiyyətlərin davam etdirilməsi elementar hüquqi məntiqə ziddir

Ankara, 28 dekabr, AZƏRTAC

Qərəzdən tamamilə imtina edilməsi və regionun reallıqlarının nəzərə alınması Cənubi Qafqazda davamlı sülhə nail olunması, münasibətlərin normallaşdırılması və proseslərin inteqrasiyasına dair səylərin dəstəklənməsinin əsasısır.

Bu fikri AZƏRTAC-a müsahibəsində Türkiyənin Qars Qafqaz Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər şöbəsinin müdiri, professor Elnur Hasan Mikail Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresinin rəsmi saytında Azərbaycana yardımın göstərilməsinə qoyulan məhdudiyyətlərin ləğv edilməsi haqqında qanun layihəsinin mətninin dərc olunmasını şərh edərək bildirib.

Ekspert “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin ləğv edilməsinin təkcə Azərbaycana deyil, həm də regionda ədalət və sülh uğrunda mübarizə aparan bütün tərəflərə güclü siyasi mesaj olacağına əminliyini bildirib.

O, ABŞ qanunvericiliyində Azərbaycan əleyhinə düzəlişin mövcud olmasını “müasir Cənubi Qafqazın reallıqları ilə açıq-aşkar uyğunsuzluq” adlandırıb. Həmçinin qeyd edib ki, soyuq müharibədən sonrakı dövrün xaotik geosiyasi mühitində yalnız hüquqi deyil, həm də siyasi uyğunsuzluğun nümunələrinə çevrilən müəyyən hüquqi aktlar qəbul edilib: “Bu cür nümunələrdən biri onilliklər sonra Cənubi Qafqazda sülhə və normallaşmaya zərər verən 907-ci düzəlişdir”.

Professor Azərbaycan ilə Ermənistan arasında davam edən dinc dialoq prosesinin regionda ticarət və iqtisadi münasibətlərin tədricən bərpasına gətirib çıxara biləcəyini vurğulayıb: “Regiondakı müsbət reallıqlar nəzərə alınmaqla, Azərbaycana qarşı qərəzli məhdudiyyətlərin davam etdirilməsi elementar hüquqi məntiqə ziddir və diplomatik əsaslandırılması yoxdur. Regionda heç bir blokada yoxdur, regiondakı bütün ölkələr isə xüsusən də Azərbaycan kommunikasiyaların bərpa edilməsinə hazırdır”.

Elnur Hasan Mikail qeyd edib ki, Azərbaycanın Cənubi Qafqazı qarşılıqlı inteqrasiya olunmuş iqtisadi bölgəyə çevirmək istəyi təkcə Bakı və İrəvanın deyil, həm də bütövlükdə regionun maraqlarına cavab verir və uzunmüddətli normallaşmaya və əhalinin rifahının artmasına töhfədir: “ABŞ-ın Cənubi Qafqazdakı status-kvonu effektiv şəkildə tanıması heç kimə sirr deyil ki, 907-ci düzəlişin dayandırılmasında da öz əksini tapıb. Nəticədə, ABŞ və Azərbaycan təhlükəsizlik və müdafiə sahəsində fəal əməkdaşlıq edirlər. Lakin bu, Prezident Donald Tramp administrasiyasının siyasətinə zidd olan sənədin mövcudluğunu gündəmdən çıxarmır”.

Professor diqqətə çatdırıb ki, region ictimaiyyətində belə bir təəssürat yaranır ki, Azərbaycan enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə, regional təhlükəsizlik və Avrasiyada yeni marşrutların inkişafında ABŞ-ın mühüm və etibarlı tərəfdaşı kimi özünü göstərsə də, hazırkı ABŞ hökuməti “keçmişin ədalətsiz və subyektiv reflekslərini” atmaq gücündə deyil. “907-ci düzəliş Vaşinqtonun özünün maraqlarını və siyasətini sarsıdan anaxronizmdir”, - deyə ekspert bildirib.

O, 1992-ci ildə ABŞ Konqresi tərəfindən erməni lobbisinin təzyiqi altında qəbul edilmiş düzəlişin tez bir zamanda ləğv olunmasına ümid etdiyini bildirib.

 
Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
29
2
azertag.az

3Mənbələr