AZ

WP: ABŞ-də korporativ müflisləşmələr Böyük resessiya səviyyəsinə çatıb...

İnflyasiya, yüksək faiz dərəcələri və Tramp administrasiyasının ticarət siyasəti şirkətləri çətin vəziyyətə salır...

Poliqon xəbər verir ki, The Washington Post nəşrinin analitik şirkət S&P Global Market Intelligencein məlumatlarına istinadən yazır ki, 2025-ci ildə ABŞ-də korporativ müflisləşmələrin sayı kəskin artaraq Böyük resessiya dövrü ilə müqayisə olunan səviyyəyə yüksəlib. Dekabr ayına qədər azı 717 şirkət müflisləşmə ilə bağlı məhkəməyə müraciət edib ki, bu da 2010-cu ildən bəri qeydə alınan ən yüksək göstəricidir. Müqayisə üçün qeyd olunur ki, ötən il müflis olan şirkətlərin sayı bu göstəricidən təxminən 17 faiz az olub.

Nəşrin yazdığına görə, şirkətlər maliyyə çətinliklərini əsasən inflyasiyanın davam etməsi, yüksək faiz dərəcələri və ABŞ prezidenti Donald Tramp administrasiyasının ticarət siyasəti ilə izah edirlər. Xüsusilə tariflərin artırılması və proteksionist addımlar tədarük zəncirlərinin pozulmasına, istehsal və logistika xərclərinin yüksəlməsinə səbəb olub ki, bu da bir çox şirkətin maliyyə dayanıqlığını zəiflədib.

The Washington Postun diqqət çəkdiyi digər məqam isə 2025-ci ilin birinci yarısında “meqa-müflisləşmələr” adlandırılan halların artmasıdır. Bu kateqoriyaya aktivləri 1 milyard dollardan çox olan şirkətlərin müflisləşməsi daxildir. Yanvar–iyun ayları ərzində bu cür 17 müflisləşmə halı qeydə alınıb ki, bu da 2020-ci ildə koronavirus pandemiyasının başlanmasından bəri yarımillik dövr üçün ən yüksək göstərici hesab olunur.

Analitiklərin fikrincə, mövcud tendensiya ABŞ iqtisadiyyatında korporativ sektorun üzləşdiyi risklərin artdığını göstərir və yaxın dövrdə maliyyə bazarlarında əlavə gərginlik yarada bilər.

Poliqon.info

Seçilən
35
poliqon.info

1Mənbələr