2025-ci il dekabrın 28-də - “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə Beynəlxalq Muğam Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Ey, Vətən!” adlı konsert proqramı keçirilib. Bu, məxsusi olaraq qeyri-hökumət təşkilatlarının təmsilçiləri üçün məhz QHT tərəfindən hazırlanmış ilk bayram konserti olub.
QHT.az xəbər verir ki, konsertdə görkəmli vokal ustası, Əməkdar artist, “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin sədri Ramil Qasımovun ifasında musiqi inciləri səsləndirilib. Fortepianoda onu Xalq artisti, professor Siyavuş Kərimi, tanınmış caz ustası, Əməkdar artist Emil Əfrasiyab, gənc sənətkarlar - Riyad Quliyev, Soltan Əliyev və Tofiq Şıxıyev müşayiət ediblər.
Klassik musiqi gecəsində Üzeyir Hacıbəyli, Cahangir Cahangirov, Oqtay Kazımi, Rauf Hacıyev, Elza İbrahimova və digər korifeylərin bəstələrinə müraciət edilib, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Fikrət Qoca, İslam Səfərli, Zeynal Cabbarzadə və digər görkəmli şairlərin sözlərinə yazılmış mahnılar oxunub.
İraq və Suriya türkmanları arasında böyük şöhrət qazanmış, “İraq Divanı” ilə könülləri fəth etmiş, Hələbdə edam olunmuş Azərbaycanın dünya miqyaslı müfəkəkkir şairi, əsərləri Azərbaycanın dövlət varidatı elan edilmiş İmadəddin Nəsimi barəsində musiqi parçaları səsləndirilib. Musiqisi Xalq artisti, professor Siyavuş Kərimliyə, librettosu akademik Rafael Hüseynova məxsus olan “Nəsimi” operasının baş qəhrəmanı Ramil Qasımov bu musiqi əsərindən bir hissəni ifa edib. R.Qasımov məlumat verib ki, 2026-cı ildə “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyi türkman irsi mövzusunda yeni musiqi əsərini ictimaiyyətə təqdim edəcək.
Musiqi gecəsində həmçinin əsərləri Azərbaycanın dövlət varidatı elan edilmiş görkəmli sənətkar Məhsəti Gəncəvini poetik irsinə müraciət edilib. Qeyd olunub ki, M.Gəncəvinin yaradıcılığında istifadə olunan bədii texnika incəlikləri əsrlərdir ki, sevilir, böyük məhəbbətlə qarşılanır. Musiqisi Pikə Axundovanın, librettosu Leyla Qədirzadəyə məxsus “Məhsəti” operasının premyerasından bir hissə səsləndirilib, fortepianoda Pikə Axundova özü müşayiət edib.
Konsert proqramında 300-dən çox QHT təmsilçisi iştirak edib. Konsert boyu Ramil Qasımovun ifaları, onun sənət dostlarının çıxışları gurultulu alqışlarla qarşılanıb. Qeyd edək ki, konsert zamanı bütün ifalar tam təbii və canlı olub, mikrafondan ümumiyyətlə, istifadə edilməyib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin bu nümunəvi layihəsində olduğu kimi, mühüm təşəbbüsləri bundan sonra da dəstəkləməkdə, onlara tərəfdaşlıq etməkdə davam edəcək.