AZ

Afrikada xristianlara qarşı zorakılıq 2025-ci ildə qlobal diqqət mərkəzinə düşüb

BAKI, 29 dekabr. TELEQRAF

2025-ci ildə Afrikada xristian icmalarına qarşı radikal islamçı qrupların həyata keçirdiyi hücumlar beynəlxalq ictimaiyyətin diqqətini daha çox cəlb etməyə başlayıb.

Teleqraf "FOX News"a istinadən xəbər verir ki, bu prosesə ABŞ Prezidenti Donald Tramp administrasiyasının sərt mövqeyi və Nigeriyada terrorçulara qarşı həyata keçirilən hava zərbələri də təsir edib.

Məlumata görə, Saharaaltı Afrikada 16 milyondan çox xristian zorakılıq, hücum və təqiblər səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb. “Open Doors” beynəlxalq xristian humanitar təşkilatının rəhbəri Henrietta Blayın sözlərinə görə, bölgədə baş verənlər “qlobal miqyaslı humanitar fəlakət” xarakteri daşıyır.

Xüsusilə Nigeriya, Konqo Demokratik Respublikası, Sudan, Kamerun və Mozambikdə xristian icmaları silahlı qrupların hücumlarına məruz qalır. Nigeriyada yüzlərlə kəndin dağıdıldığı, minlərlə insanın öldürüldüyü və qaçqın vəziyyətinə düşdüyü bildirilir.

ABŞ Konqresinin üzvləri və beynəlxalq dini liderlər Qərbin bu zorakılıqlara uzun müddət susqun qalmasını tənqid edib. ABŞ-nin Nigeriyada İŞİD mövqelərinə endirdiyi zərbələr isə bir sıra dairələr tərəfindən xristianlara qarşı zorakılığa qarşı yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Ekspertlər vurğulayır ki, hərbi tədbirlər problemi kökündən həll etmir və davamlı sülh üçün yerli hökumətlər tərəfindən təhlükəsizlik, dini azadlıqlar və mülki əhalinin müdafiəsi təmin olunmalıdır.

Seçilən
46
teleqraf.com

1Mənbələr