AZ

Husilər İsrailin Somalilenddəki mövcudluğunu legitim hərbi hədəf elan edib

Ənsar Allah hərəkatı İsrailin bölgədə yerləşməsini regional təhlükəsizliyə təhdid sayır...

Poliqon xəbər verir ki, Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatının (husilər) lideri Əbdül Məlik əl-Husi İsrailin Somalilend ərazisində istənilən formada mövcudluğunun hərəkatın silahlı qüvvələri üçün legitim hərbi hədəf hesab ediləcəyini bəyan edib. Onun sözlərinə görə, belə bir mövcudluq Somali və Yəmənə qarşı aqressiya, həmçinin regional təhlükəsizliyə birbaşa təhdid deməkdir.

Əbdül Məlik əl-Husinin açıqlamasını husilərə məxsus “Al Masirah” telekanalı yayıb. Hərəkat lideri bildirib ki, İsrailin Afrika Buynuzu bölgəsində möhkəmlənmək cəhdləri yalnız Fələstin məsələsi ilə məhdudlaşmır və daha geniş geosiyasi risklər yaradır. Husilərin mövqeyinə əsasən, Somalilenddə mümkün İsrail hərbi və ya təhlükəsizlik infrastrukturu Qırmızı dəniz hövzəsi və Ərəbistan yarımadası üçün yeni təhlükə ocağı formalaşdıra bilər.

Xatırladaq ki, dekabrın 26-da İsrailin baş naziri Binyamin Netanyahu Somalilendin müstəqilliyinin tanınmasına dair bəyannamə imzalayıb. Bu qərar beynəlxalq aləmdə ciddi rezonans doğurub və 50-dən çox dövlət tərəfindən pislənib. Bir çox ölkələr İsrailin addımını Somalinin ərazi bütövlüyünün pozulması və beynəlxalq hüquq normalarına zidd qərar kimi qiymətləndirib.

Somalilend 1991-ci ildə Somalidən ayrılaraq müstəqilliyini elan etsə də, uzun illər ərzində beynəlxalq səviyyədə tanınmayıb. Faktiki olaraq özünüidarəetmə institutlarına malik olan bu ərazi indiyədək BMT-yə üzv heç bir dövlət tərəfindən rəsmi şəkildə tanınmamışdı. İsrailin bu addımı Somalilendi tanıyan ilk ölkə kimi tarixə düşməsinə səbəb olub.

Analitiklərin fikrincə, İsrailin Somalilendlə bağlı qərarı Yaxın Şərq və Afrika Buynuzu regionunda yeni gərginlik xəttinin formalaşmasına gətirib çıxara bilər. Husilərin sərt reaksiyası isə münaqişənin yalnız diplomatik müstəvidə qalmaya biləcəyinə dair narahatlıqları artırır.

Poliqon.info

Seçilən
33
13
poliqon.info

10Mənbələr