AZ

QHT sədri: "2026-cı ildə mətbəx irsimizin qorunması prioritet olacaq"

"2025-ci ili “Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya İnteqrasiyası” İctimai Birliyi üçün uğurlu il saymaq olar. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Qərbi Azərbaycan mövzusunda hazırladığımız “Torpağın dad hekayəsi” filmi böyük maraqla qarşılandı. Film Qərbi Azərbaycandan olan bir ailənin timsalında yurdundan qaçqın düşən soydaşlarımızın uzun illərdir qoruyub yaşatdıqları adət-ənənələrə, mənəvi dəyərlərə, milli mətbəxə, eyni zamanda onların doğma ocağa qayıtmaq arzusuna həsr olunub. Layihənin əsas məqsədi milli mətbəximizin ayrılmaz qolu olan Qərbi Azərbaycan mətbəxinin zənginliyini, özünəməxsusluğunu araşdırmaq, təbliğ etmək, tanıtmaq idi".

Bu fikirləri “Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya İnteqrasiyası” İctimai Birliyinin sədri Firuzə Nadir QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, 2026-cı il üçün də əsas prioritetlərimiz dayanıqlı layihələrin genişləndirilməsinə yönəlib. QHT sədri bildirib ki, Azərbaycanın qədim və zəngin mətbəx irsinin yaşadılması, bu istiqamətdə daha böyük layihələrin reallaşdırılması il ərzində bizim əsas prioritetimiz olacaq. Biz bu irsin gələcək nəsillərə ötürülməsi üçün müxtəlif tədbirlərin keçirilməsi, eyni zamanda yeni sənədli filmlərin çəkilməsini planlaşdırırıq:

"Ümumilikdə, 2025-ci ildə ölkəmizin QHT sektorunda bir sıra yeniliklər və nəticələr əldə olundu, vətəndaş cəmiyyətinin güclənməsi, ictimai təşəbbüslərin artması və dövlət-cəmiyyət dialoqunun genişlənməsi ilə yadda qaldı, müsbət dinamika və yeni imkanlarla xarakterizə olundu. Bu məqamda, vətəndaş cəmiyyəti nümayəndələrinin Qarabağa səfərlərini xatırlamaq yerinə düşür. Azərbaycan QHT-lərinin “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş 3-cü Əməkdaşlıq Forumu suverenliyimizin, ərazi bütövlüyümüzün, Konstitusiya quruluşumuzun, birliyimizin rəmzinə çevrilən Xankəndidə keçirildi. Bu, qürurverici tarixi hadisə idi, eyni zamanda QHT-lərin qarşısında yeni vəzifələr qoydu, onların məsuliyyət hissini artırdı". 

Firuzə Nadir həmçinin bildirib ki, bu gün qeyri-hökumət təşkilatları ölkənin ictimai həyatında fəal rol oynayır, cəmiyyət də bu təşəbbüslərə öz dəstəyini əsirgəmir:

"Yola saldığımız ildə Azərbaycan QHT-lərinin inkişafı, bu sahədə həyata keçirilən institusional islahatların dərinləşdirilməsi dövrü oldu. İnanıram ki, bu islahatlar növbəti mərhələdə Azərbaycan QHT sektorunun işinin daha da təkmilləşdirilməsinə təkan verəcək və təbii ki, bu, bizim təşkilatın da fəaliyyətinə ciddi təsir göstərəcək".

Seçilən
18
qht.az

1Mənbələr