"Geridə qoyduğumuz 2025-ci ili Qeyri-Hökumət Təşkilatları üçün uğurlu hesab etmək olar. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə vətəndaş cəmiyyətinin inkişafına dövlət səviyyəsində xüsusi diqqət yetirilmiş, ictimai təşəbbüslərin təşviqi və Qeyri-Hökumət Təşkilatlarının cəmiyyətin sosial, mədəni və intellektual həyatında rolunun artırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Eyni zamanda, beynəlxalq səviyyədə əməkdaşlıqlar genişləndirilmiş, xarici tərəfdaş qurumlar və beynəlxalq təşkilatlar ilə əlaqələr daha sistemli və institusional xarakter almış, təcrübə mübadiləsinin gücləndirilməsi, birgə layihələrin icrası və qlobal çağırışlara uyğun fəaliyyət mexanizmlərinin formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır".
Bunu Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin İdarə Heyətinin sədri Murad Ağalarov QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, 2025-ci il bizim təşkilatımız üçün xüsusi əhəmiyyət kəsb etmişdir. Belə ki, bu il Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyinin fəaliyyətinin 35 ili qeyd olunmuşdur:
"Təşkilatımız tərəfindən 2025-ci ildə təhsil sahəsində bir sıra layihə və tədbirlər həyata keçirilmiş, şagirdlər üçün Respublika Bilik Müsabiqəsi təşkil olunmuşdur. Ümumtəhsil məktəblərində çalışan müəllimlərin təhsil sahəsində bilik və bacarıqlarının artırılması istiqamətində İnkişaf Marafonu təşkil edilmiş, “Oxuyub-anlama” mövzusunda layihə həyata keçirilmişdir. 2025-ci il aprel ayında təhsil ictimaiyyətinin iştirakı ilə “II.Milli Təhsil Zirvəsi” tədbiri təşkil olunmuşdur. 35 illik yubiley tədbiri keçirilmiş və bu tədbirdə təşkilatımızın fəal üzvləri fəxri fərmanla təltif olunmuşlar. Bu il ərzində təhsil ictimaiyyəti tərəfindən təşkilatımıza marağın nəzərəçarpacaq dərəcədə artması müşahidə olunmuş, bu maraq isə yeni üzvlərin cəlb edilməsi və üzvlük bazasının genişlənməsi ilə nəticələnmişdir".