AZ

Din yalnız bu cür təbliğ olunmalıdır- Tural İrfan yazır

Türkiyə xarici işlər naziri Hakan Fidanın Dəməşqdə mətbuat konfransı zamanı mütərcimin fasilə verməsi zamanı moderatorun tədbiri bitmiş zənn edərək yekunlaşdırmasını Suriya hökumətinin nazirin sözünü kəsməsi kimi yozaraq fərqli istiqamətə yönəltmək istəyənlər tamamilə yanılır. Bu, sırf texniki nöqsandır. Suriyada SDQ-nin silahı yerə qoymaması ilə bağlı hökumətin Türkiyənin deyil, ABŞ-nin mövqeyini nəzərə alması fikri də yanlışdır. Rəsmilər baş vermiş nöqsanla bağlı artıq Hakan Fidandan üzrxahlıq ediblər.
Hazırda İslam aləmini çulğalamış tarixi bəla olan məzhəbçilik Suriya üçün də çətin sağalan yara kimi müşkülata çevrilib. Belə ki, Əsəd ailəsinin də mənsub olduğu Nuseyri təriqətinin mənsublarını İran, Druz təriqətinin mənsublarını isə İsrail hökumətə qarşı üsyana, terrora təşviq edir. Eyni zamanda ABŞ-nin himayə etdiyi separatçı təşkilat olan SDQ-i silahı yerə qoyub orduya inteqrasiya etməkdən imtina edir.
Bu hadisələrdən nəticə çıxarıb vaxtında məzhəbçilik bəlasından xilas olmaq lazımdır. Ölkəmizdə ortaq dini dəyərləri yox, məzhəbçiliyi təbliğ edib təfriqə toxumları səpənlərlə bağlı düşünülməli, zamanında tədbir görülməlidir. Hazırki tolerant mühitə qane olub çox da arxayın olmaq olmaz. Vaxtilə Suriyada da tolerantlıq hökm sürür, məzhəbçilik qabardılmır, sabiq rejim müsəlman olmasa da özünü müsəlman kimi təqdim edərək mümkün qədər balansı qoruya bilirdi. Lakin sonra yaranmış boşluq və xarici imperialist güclər təriqətlərdən siyasi partiya, hazır terror təşkilatı, separatçı-ekstremist qüvvə kimi maraqları üçün istifadə etməyə başladılar.
Vaxtilə Fatimilərin yaratdığı Druz təriqətinin və İran kökənli ideoloqların qurduğu Nuseyri təriqəti bu gün Yaxın Şərqin başına bəla olub. Əslində orta əsrlərdə təriqətlər indinin siyasi partiyası funksiyasını icra edirdi. Təriqətlərin də ideoloji, siyasi xətti, sosial bazası, idarə üsulları var. Qurulan dövlətlərin demək olar ki, hamısı hansısa təriqətin bazası üzərində qurulurdu. Büveyhilər əvvəl Zeydi, sonra Cəfəri; Fatimilər batini - İsmaili; Həşşaşilər şiə-İsmaili; Səlcuqlular sünni - Şafii, Osmanlılar sünni - Hənəfi, Səfəvilər şiə-İmamiyyə; günümüzdəki dövlətlərdən Səudiyyə Ərəbistanı sünni, vəhhabi - Sələfi; İran şiə-Cəfəri məzhəbinin dini, siyasi ideologiyası üzərində bərqərardır. Şeyx Səfiyəddinin mürşidi olduğu, üzdə dünya işlərindən uzaq duran sufilik özəllikləri ilə təqdim etdikləri Səfəviyyə təriqəti sonralar artıq siyasi hərəkata çevrilib Ağqoyunlu dövlətini devirdi və hakimiyyəti ələ aldı.
Unutmaq olmaz ki, bu təriqətlər orta əsrlərdə yaranarkən böyük əksəriyyəti hakimiyyətə gəlmək, dövlət qurmaq üçün nəzərdə tutulurdu. Çox vaxt əsas qoldan ayrılmalarının səbəbi də siyasi ambisiyalar, ixtilaflar olurdu. O dövrdən bu məzhəblərdə reform, islahat aparılmayıb. Siyasi motivlərdən arındırılmayıb. Ona görə də siyasi xarakterlərini qoruyub saxlayıblar. Əgər elə olmasaydı İranda Cəfəri məzhəbinin siyasi doktrinası ilə dövlət idarə edə bilməzdilər. Hazırda xarici təhsil və təsir görmüş din xadimi, ilahiyyatçı ünvanı ilə cəmiyyətə təsir etmək istəyən bəzilərinin moizələrində, xitablarında, ətrafına daha çox adam toplamağa göstərdikləri cəhdlərdə, əxlaqi - mənəvi dəyərlərdən daha çox ictimai-sosial, bəzən də siyasi mövzulara toxunmağa səy göstərmələrində məzhəblərin orta əsrlərdəki funksiyasını qoruyub saxlamaq məqsədləri aydın görünür.
Ona görə məzhəb yox, din təbliğ olunmalıdır. Din siyasi partiya deyil. Lakin məzhəb və təriqətlərin əksəriyyətinin yaranma səbəbində, məramında siyasi niyyətlər mövcuddur. İslam dinini və xilafəti də təriqətçilik parçalayıb. Bu gün Yəmənin, Suriyanın, Livanın da əslində əsl bəlası təriqətçilikdən doğan vətəndaş müharibələrindən miras qalmış problemlərdir.
Bundan nəticə çıxarmaq lazımdır. Məzhəb başqadır, məzhəbçilik başqa. Məzhəb yoldur, hər kəsin bir yolu ola bilər. Mənim yolum haqdır, demək olar. Ancaq haq yalnız mənim yolumdur, deməyin sonu qandır, xətadır, bəladır. Məzhəbçilik isə başqalarını nahaq hesab etməkdir. Orta əsrlərdə müsəlman dövlətlərin ideoloqları sayılan məzhəb alimləri digər dövlətlə müharibə edərkən müsəlmanların qanının halal sayılması üçün vuruşacaqları dövlətin məzhəbini küfr yolu, mənsublarını da azğın, mürtəd elan edərək fətvalar imzalayırdılar. Bu, Osmanlının Səfəvilər üzərinə gəldiyi yaxud əksinin baş verdiyi hallarda daha çox reallaşırdı. Bir - birinə kafir, mürtəd hökmü verməsəydilər əsgərlər bir - birinə qılınc çəkməzdi ki.
Odur ki, məzhəbçilikdən, təriqətçilikdən yaxa qurtarmaq lazımdır. Suriya, Livan, Yəmən gözü çıxan qardaşdır. İran vaxtilə Yəməndəki Zeydilərdən bir tayfanı, Husiləri təhrik edib məzhəbini dəyişdi, radikallaşdırdı, siyasiləşdirdi, təfriqə saldı, nəticədə dövlət parçalandı. Belə cəhdləri ölkəmizdə də həyata keçirməyə cəhdlər oldu. Lakin dövlətin sabitqədəm dövlət - din siyasəti və xalqın tolerantlığı, vəhdətçi mövqeyi belə təxribatların ayaq tutmasına imkan vermədi. Bu kimi çıxsaylı nümunələr var.
Bütün bu qeyd olunanları göz önünə alaraq məzhəbçiliyə yol vermədən dinin yalnız ümumi mənəvi, əxlaqi yönlərinin təbliğinə yol verilməlidir. Ayırıcı deyil, birləşdirici tərkib aşılanmalıdır cəmiyyətə. Təbliğatının mahiyyəti nifaq, təfriqə, xurafat, məzhəbçilik, sətiraltı radikalizm, təəssübkeşlik olanların da qarşısı məhz zamanında alınmalıdır.
Tural Irfan, dinşünas
Seçilən
58
50
news365.az

10Mənbələr