AZ

Anlama illüziyası: İnsanlar itlərin emosiyalarını niyə səhv başa düşürlər?

Yeni araşdırma göstərir ki, insanların itlərin hisslərini obyektiv siqnallardan çox, öz emosiyalarından asılı olaraq qavrayırlar..

Poliqon xəbər verir ki, insanlar və itlər minilliklər boyu birgə yaşasa da, itlərin emosiyalarını düzgün anlamaq məsələsində ciddi yanılmalar mövcuddur. Arizona Universitetinin alimləri tərəfindən aparılan və nəticələri PeerJ elmi jurnalında dərc olunan yeni araşdırma göstərir ki, insanların itlərin emosional vəziyyətini “oxuma” qabiliyyəti əksər hallarda heyvanın real davranış siqnallarına deyil, müşahidəçinin öz əhval-ruhiyyəsinə və gözləntilərinə əsaslanır.

Tədqiqat çərçivəsində tələbə-könüllülərin iştirakı ilə iki ayrı eksperiment keçirilib. Birinci eksperimentdə iştirakçıların əhvalı əvvəlcə fotoşəkillər vasitəsilə müsbət, mənfi və ya neytral vəziyyətə gətirilib, daha sonra onlara üç itin müsbət, mənfi və neytral emosional halları əks etdirən videolar nümayiş etdirilib. Alimlər güman edirdilər ki, məsələn, özünü xoşbəxt hiss edən iştirakçılar itləri daha şən qiymətləndirəcək. Lakin nəticələr gözlənilənin əksinə olub və iştirakçıların əhvalının itlərin emosiyalarının qiymətləndirilməsinə ciddi təsiri qeydə alınmayıb.

İkinci eksperimentdə isə iştirakçıların emosional vəziyyəti abstrakt təsvirlərlə deyil, birbaşa xoşbəxt, kədərli və neytral görünüşlü itlərin fotoları ilə formalaşdırılıb. Bu dəfə nəticələr daha maraqlı olub: müsbət əhval-ruhiyyədə olan iştirakçılar videolardakı itləri daha kədərli kimi qiymətləndiriblər, özünü pis hiss edənlər isə itləri daha xoşbəxt görməyə meylli olublar. Alimlər bunu insanların emosional vəziyyətinin qavrayışa təkcə təsir etmədiyini, həm də bu təsirin mürəkkəb və bəzən paradoksal xarakter daşıdığını göstərən fakt kimi dəyərləndirirlər.

Araşdırmanın daha bir diqqətçəkən nəticəsi ondan ibarətdir ki, itlərin iştirak etdiyi videolara baxmaq — heyvanlar neytral və ya mənfi emosiyalar göstərsə belə — müşahidəçilərin əhvalını ümumilikdə yaxşılaşdırır. Bu isə heyvanlarla ünsiyyətin və ya onları izləməyin insanların emosional rifahına müsbət təsir göstərdiyini, emosiyaların düzgün oxunub-oxunmamasından asılı olmayaraq psixoloji fayda verdiyini göstərir.

Alimlər vurğulayırlar ki, tədqiqatın nəticələri hələ yekun xarakter daşımır, çünki eksperimentlər məhdud sayda it və yalnız tələbə iştirakçılarla aparılıb. Bununla belə, araşdırma ev heyvanlarının emosional siqnallarını qiymətləndirərkən daha ehtiyatlı və obyektiv yanaşmanın vacibliyini önə çəkir və bu yanaşmanın həm insanlar, həm də heyvanların rifahı üçün mühüm əhəmiyyət daşıdığını göstərir.

Poliqon.info

Seçilən
22
poliqon.info

1Mənbələr