Dekabrın 24-25-də keçirilən oyunlarla futbol üzrə ölkə çempionatının 1-ci liqasında 12-ci tur da yekunlaşdı. Beləliklə, komandalar qış fasiləsinə yollandı. Bəs, ilin son matçları hansı nəticələrdə yadda qaldı?
İlk oyun günündə iddialılar “doğma divarlar” arasında meydana çıxdı. “Mingəçevir” “Şahdağ Qusar”ı, “Səbail” “Şimal”ı, “Baku Sportinq” “Zaqatala”nı sınağa çəkdi. Maraqlıdı ki, ilk iki dueldə çempionluğa iddialılar xal itirdi: “nur şəhəri”nin təmsilçisi heç-heçə etdisə, “dənizçilər” aşkar austayderə uduzdu! Düzü, mingəçevirlilərin məlum səbəblərdən üzləşdiyi maddi problemləri nəzərə alsaq, durumun getdikcə pisləşəcəyi gözlənilən idi. Sadəcə, hadisələrin axarına müdaxilə etmək lazım gəlirdi ki, təcrübəli baş məşqçi Ramiz Məmmədov fəsadları aradan qaldırmaqda aciz qaldı. Yeri gəlmişkən, bu oyundan əvvəl “Mingəçevir”dən Seymur Məmmədov noyabrın ən yaxşı qolunun müəllifi kimi mükafatlandırıldı. Ona mükafatı PFL-in Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim etdi.
“Səbail”in durumu daha çətindi. Bayıl təmsilçisi imkanlarından düzgün istiqamətdə yararlana bilmir. Təkcə xaçmazlılara məğlubiyyət yox, həm də “Cəbrayıl” və “Şahdağ Qusar” ilə görüşlərdə qeydə alınan xal itkiləri “dənizçilər”in ciddi təhlükəylə üz-üzə olmasına bariz sübutdu.Düzdü, Bayıl təmsilçisi “Şəfa” və “Baku Sportinq”lə oyunlarda da eyni aqibəti yaşayıb. Ancaq burdakı mənzərəni fərqləndirmək olar. Ona görə ki, Buzovna təmsilçisi bu turda da qələbə qazandı. “Zaqatala”ya qalib gələn komanda qış fasiləsinə 2-ci pillədə yollanmaqla mövsümün sürprizi statusunu haqq etdi. Rüstəm Məmmədovun yetirmələriylə bağlı isə çox danışmağa dəyməz. Hər halda, zaqatalılar güclülərin ən yaxın izləyicisidi.
Tura srağagün keçirilən oyunlarla yekun vuruldu. Günün ilk matçında MOİK-in qonağı olan “Şəfa” proqnozları doğrultdu: ikinci hissədə rəqibin müqavimətini qırmağı bacaran paytaxt təmsilçisi liderliyini möhkəmlətdi. Hələ ötən tur “qış çempionu” olan bakılılar fasiləyə məğlubiyyətsiz yollandı! “Hərbçilər” isə nə büdcəsinə, nə də heyətinə uyğun nəticələr qazanır... İlin son qarşılaşmasını Ağsuda izlədik. “Cəbrayıl”ı qəbul edən “Difai” mövsümdə ilk dəfə 5 qollu qələbə qazandı. Belədə sonuncu sıradakı “Şimal”la aradakı xal fərqini 4-ə çatdıran ağsulular bir qədər rahatlaşdı. Qarabağ təmsilçisinə gəlincə, bu komanda onsuz da təhlükəli zonada deyildi. Ancaq bir çox sahədə olduğu kimi, futbolda da arxayınlıq cəzasız qalmır...
Bu arada turun ən çox tamaşaçı toplayan komandası “Mingəçevir” oldu (220). “Baku Sportinq”in ev matçında 55, qalan komandaların oyunlarında isə 50 azarkeş oldu.
1. Şəfa 12 9 3 0 27-8 30
2. Baku Sportinq 12 7 4 1 20-11 25
3. Səbail 12 6 4 2 18-11 22
4. Mingəçevir 12 6 3 3 21-13 21
5. Zaqatala 12 5 2 5 14-16 17
6. MOİK 12 4 2 6 14-16 14
7. Cəbrayıl 12 4 0 8 20 22 -2 12
8. Şahdağ Qusar 12 3 3 6 15-20 12
9. Difai 12 2 3 7 17-24 9
10. Şimal 12 1 2 9 10-35 5
Bombardir: Seyxan Fərəcov (MOİK) – 11.
Növbəti turun oyunları fevralın 5-7-si aralığında də keçiriləcək: Cəbrayıl – MOİK, Şəfa – Baku Sportinq, Zaqatala – Səbail, Şimal – Mingəçevir, Şahdağ Qusar – Difai.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta