AZ

Çin Tayvan ətrafında hərbi təlimlərə başladı

Çin Xalq Respublikası Tayvan ətrafında genişmiqyaslı hərbi təlimlərə başlayıb. Təlimlərdə canlı atışlar, dəniz və hava manevrləri, həmçinin raket sistemlərinin istifadəsi nəzərdə tutulub. Peking hərbi əməliyyatları “müstəqillik tərəfdarlarına və xarici müdaxilə qüvvələrinə sərt xəbərdarlıq” kimi izah edib.

AzPost bildirir ki, Çin Xalq Azadlıq Ordusunun Şərq Hərbi Dairəsinin sözçüsü polkovnik Şi İ bildirib ki, təlimlər Tayvanın müstəqillik tərəfdarlarına və xarici müdaxilə qüvvələrinə qarşı yönəlib. “Bu qanuni və zəruri addımdır, məqsəd ölkənin suverenliyini və milli birliyini qorumaqdır”, – deyə o əlavə edib.

Təlimlər çərçivəsində Çin dəniz donanması, hava qüvvələri və raket bölmələri Tayvan ətrafına göndərilib. Çin sahil mühafizəsi gəmiləri də ada ətrafındakı sulara çıxarılıb. Təlimlər “Ədalət Missiyası-2025” adı ilə keçirilir və XAO-nun açıqlamasına görə, bu əməliyyatlar “tez manevr qabiliyyətini yoxlamaq, strateji mövqe formalaşdırmaq və sistemli blokada və nəzarət imkanlarını sınaqdan keçirmək” məqsədi daşıyır.

Tayvan Müdafiə Nazirliyi isə Pekini bölgədə gərginliyi artırmaqda və regional sülhü pozmaqda ittiham edib. Nazirlik bildirib ki, təlimlər demokratiyanın və azadlığın müdafiəsi deyil, Çin tərəfinin status-kvonu dəyişdirmək cəhdidir. Eyni zamanda, Tayvan öz hərbi qüvvələrini hazır vəziyyətə gətirib və müvafiq təlimlər keçirir.

Təlimlərin miqyası və istifadə olunan hərbi texnika genişdir: eskadronlar, fregatlar, qırıcılar, bombardmançılar, pilotsuz aparat və uzaqmənzilli raket sistemləri işə cəlb olunub. Analitiklər qeyd edirlər ki, təlimlərdə müəyyən edilmiş ərazilər adaya daha yaxın və geniş sahəni əhatə edir, bu isə Pekinin mövqeləri gücləndirmək və xarici müdaxiləni əngəlləmək istədiyini göstərir.

ABŞ və Yaponiya ilə gərginlik də təlimlərin fonunda davam edir. Yaponiya Baş Naziri Sanae Takaçi bildirib ki, Çin Tayvana hücum edərsə, ölkəsi hərbi müdaxilə etməyə hazır olmalıdır. ABŞ isə Tayvana 11 milyard dollarlıq silah satışını təsdiqləyib.

AzPost.az

Seçilən
28
13
azpost.info

10Mənbələr