AZ

Daşaltı döyüşlərinin qəhrəmanı Amin Gülməmmədov anım günü keçirilib

Daşaltı döyüşlərinin qəhrəmanı Amin Gülməmmədovun anım günü keçirilib

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının tarixində şərəf, qeyrət və qəhrəmanlıq salnaməsi kimi əbədi həkk olunmuş müqəddəs bir dövr oldu. Məhz həmin şanlı günlərdə silaha sarılaraq Vətən torpaqlarının azadlığı uğrunda döyüş meydanına atılan igid oğullardan biri də Daşaltı istiqamətində gedən ağır və qanlı döyüşlərdə şəhidlik zirvəsinə ucalan Gülməmmədov Amin Mais oğludur.

Şəhidimizin anım günü münasibətilə keçirilən tədbirdə iştirakçılar onun məzarını ziyarət edərək əziz xatirəsini dərin ehtiram və hörmətlə yad ediblər. Tədbirdə Culfa Rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, Ali Məclisin deputatları, şəhid ailələri, qazilər, idarə və müəssisə rəhbərləri, eləcə də kənd sakinləri iştirak ediblər.

Anım mərasimi ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Tədbir zamanı çıxış edənlər şəhid Amin Gülməmmədovun qısa, lakin şərəfli həyat yolundan, onun hərbçi andına sədaqətindən, döyüş meydanında göstərdiyi mərdlik və qəhrəmanlıq nümunələrindən bəhs ediblər. Qeyd olunub ki, Amin Gülməmmədovun göstərdiyi şücaət Azərbaycan gəncliyi üçün əsl vətənpərvərlik nümunəsidir. Çıxışlarda şəhid ailəsinə dərin hörmət və ehtiram ifadə olunub, onların göstərdiyi dözüm və qürur xüsusi vurğulanıb.

Şəhidin həyat və döyüş yoluna nəzər salınan tədbirdə Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gün ərzində qazandığı möhtəşəm Zəfərdən, bu Zəfərin məhz şəhidlərimizin qanı, qazilərimizin şücaəti və xalq–ordu birliyi sayəsində əldə olunduğundan geniş söhbət açılıb.

Sonda şəhid Amin Gülməmmədovun məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, onun xatirəsi bir daha ehtiramla yad edilib.

Qeyd edək ki, Amin Mais oğlu Gülməmmədov 31 iyul 1995-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Saltaq kəndində anadan olub. O, 2010–2013-cü illərdə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə, 2013–2017-ci illərdə isə Bakı şəhərində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.

27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsinə baş leytenant rütbəsində qatılan Amin Gülməmmədov Füzuli, Xocavənd, Cəbrayıl və Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak edib. O, 2 noyabr tarixində Daşaltı istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz dekabrın 28-də doğulduğu Saltaq kəndində böyük izdihamla son mənzilə yola salınıb.

Göstərdiyi qəhrəmanlığa görə Amin Gülməmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidimizin əziz xatirəsi daim qəlblərdə yaşayacaq.

Ruhu şad olsun!

Bəxtiyar Əliyev

Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi

Azərbaycan Jurnalistlər Birliyinin üzvü



Seçilən
42
herbiand.az

1Mənbələr