Gənclər və idman naziri Fərid Qayıbov televiziya və agentliklərin nümayəndələri ilə görüşüb, onların suallarını cavablandırıb.
İdman.Biz xəbər verir ki, görüş Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.
Jurnalistlərlə bir masa arxasında baş tutan görüşdə Fərid Qayıbov qeyd edib ki, 2025-ci il Azərbaycan idmanı üçün uğurlu il olub.
“Biz 2025-ci ildə rekord sayda medal qazanmışıq. Azərbaycan bir neçə idman yarışlarına ev sahibliyi etdi. Ölkəmizdə ilk dəfə UFC döyüşləri üzrə yarış keçirildi. Bu istər yerli azarkeşlər, istərsə də turistlərin marağına səbəb oldu”, - deyə nazir qeyd edib.
F.Qayıbov qeyd edib ki, 2025-ci ildə Azərbaycanın Gəncə də daxil olmaqla yeddi şəhərində keçirilən III MDB Oyunları ölkə idmanı baxımından çox əlamətdar hadisə idi:
“Bilirsiniz ki, Oyunların rəsmi açılış və bağlanış mərasimi Gəncədə keçirildi. Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları çərçivəsində Xankəndi şəhərində kamandan oxatma yarışları baş tutdu. Eyni zamanda Gəncə Stadionu və Yevlax Olimpiya İdman Komoleksinin açılışını qeyd edə bilərəm”.
Daha sonra nazir jurnalistləri maraqlandıran məsələlər barədə danışıb, sualları cavablandırıb.