Antarktidada yerləşən və alimlər tərəfindən “Qiyamət buzlağı” adlandırılan Thwaites buzlağı ilə bağlı ciddi xəbərdarlıq səsləndirilib.
Musavat.com xəbər verir ki, son elmi müşahidələr buzlaqda yaranan çatların qısa müddət ərzində sürətlə genişləndiyini ortaya qoyub. Peyk görüntülərinə əsasən, buzlaq üzərindəki çatlaqların ümumi uzunluğu təxminən 160 kilometrdən 320 kilometrdən artıq həddə çatıb. Alimlər bunu Thwaites buzlağının struktur dayanıqlığının zəifləməsi ilə əlaqələndirirlər.
Beynəlxalq Thwaites Buzlağı Əməkdaşlığı çərçivəsində aparılan tədqiqatlara rəhbərlik edən mütəxəssislərin fikrincə, buzlağın mümkün çökməsi qlobal dəniz səviyyəsinin bir neçə metr yüksəlməsinə səbəb ola bilər. Bu isə xüsusilə sahilyanı şəhərlər və ada dövlətləri üçün ciddi təhlükə deməkdir.
Araşdırmalar zamanı daha bir narahatedici məqam da aşkarlanıb. Diametri təxminən 10 kilometrə çatan nəhəng okean girdaplarının buzlağın altına daxil olaraq ərimə prosesini sürətləndirdiyi müəyyən edilib. Alimlər bildirirlər ki, bu proses buzlağın altdan “yeyilməsi” effektini gücləndirir və onun sabitliyini daha da zəiflədir.
Mütəxəssislərin qənaətincə, Thwaites buzlağında baş verən proseslər artıq təkcə elmi maraq doğuran hadisə deyil, qlobal iqlim təhlükəsizliyi baxımından real və ciddi risk kimi qiymətləndirilməlidir.