AZ

Qıpçaq mirası və qazax folkloru: ortaq türk yaddaşının izləri

AZƏRTAC türk xalqlarının folkloru, adət-ənənələri və mədəni irsinə həsr olunan yazılar silsiləsini davam etdirir

Bakı, 29 dekabr, Günel Alıyeva, AZƏRTAC

Qazax xalqının etnogenezi, dili və folklor düşüncəsi Türk dünyasında qıpçaq xəttinin mühüm mədəni təbəqəsini təşkil edir. Zəngin tarixi keçmişə malik müasir qazax milləti türk xalqlarının qıpçaq dil qrupuna daxildir; bu qrupda qazaxlarla yanaşı qaraqalpaq, qırğız, Altay, noqay və Krım-tatarları da yer alır. Köçəri həyat tərzi və maldarlıqla səciyyələnən qıpçaqlar qədim dövrlərdə Qərbi Monqolustanda böyük qohum qəbilə ittifaqları şəklində məskunlaşmış, yeni eranın ilk yüzilliklərindən etibarən Orta Asiya, sonralar isə Avropa xalqları ilə təmaslarda olmuşlar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti, filologiya elmləri namizədi Məhəmməd Məmmədov bildirib.

Qazaxıstanın geniş ərazisində möhkəmləndikdən sonra qıpçaqların şərqdə kimaklarla, cənubda oğuzlarla, qərbdə xəzərlərlə qonşuluq etdiyini diqqətə çatdıran Məhəmməd Məmmədov qeyd edib ki, XIII əsrdə monqol yürüşləri nəticəsində qıpçaqların bir hissəsi Qızıl Ordanın tərkibinə daxil olmuş, digər qismi isə Avropaya, xüsusilə Balkanlara köçərək yeni etnik mühitlə qaynayıb-qarışmışdır.

Müsahibimiz vurğulayıb ki, qazax xalq dili əsasən XV–XVI əsrlərdə formalaşıb; qəbilə-tayfa bölgüsü mövcud olsa da, sonrakı mərhələdə bu parçalanma aradan qalxmış və vahid qazax ədəbi milli dilinin təşəkkülünə şərait yaranır. O bildirib ki, qazax milli ədəbi dili mütərəqqi akın poeziyasının təsiri ilə səlisləşərək xalq danışığının incəliklərini yazılı ədəbiyyata gətirib. XIX əsrdə Qazaxıstanın Rusiya ilə birləşdirilməsindən sonra köçəri həyat tərzinin tədricən zəiflədiyini, yazılı ədəbiyyatın formalaşdığını xatırladan dosent qazax yazılı ədəbiyyatının ilk görkəmli nümayəndələri kimi Cokan Vəlixanovun, İbray Altınsarinin və Abay Kunanbayevin adlarını çəkib.

Məhəmməd Məmmədovun sözlərinə görə, oturaq həyata gec başlayan qazaxlarda söz sənətinin əsas dayağı uzun müddət şifahi xalq yaradıcılığı olub: lirik poeziya ilə yanaşı, irihəcmli epik əsərlər, xüsusən epos nümunələri də daha çox şeir formasında yaranıb. Ümumən qazax şifahi ədəbiyyatında poeziyanın üstünlük təşkil etdiyini deyən müsahibimiz dastanların əsasən məhəbbət və qəhrəmanlıq mövzusunda qurulduğunu, bu iki xəttin bir çox nümunədə paralel şəkildə inkişaf etdiyini bildirib. Qəhrəmanlıq dastanlarının “batırlar jıri” (pəhləvanlar, qəhrəmanlar nəğməsi) adlandırıldığını qeyd edən alim “Koblandı-batır”, “Qənbər-batır”, “Kozı Körpeş və Bayan-Slu” kimi nümunələrin həm süjet, həm də ideya baxımından xalqın ədalət duyumunu və mübarizə ruhunu daşıdığını söyləyib. O, məhəbbət dastanlarında qəhrəmanın igidlik xəttinin adətən sevgilisinə qovuşma ilə tamamlandığını, xalq qəhrəmanlarının həyatından bəhs edən dastanlarda isə mübarizənin fərdi deyil, ictimai xarakter daşıdığını diqqətə çatdırıb.

O bildirib ki, qazax xalq nağıllarının da epik yaradıcılıqda xüsusi yer tutur. Nağıllarda xeyirlə şərin mübarizəsi fonunda ədalətli sonluğa üstünlük verilir; burada xalq hikmətinin, müdrik qocaların məsləhətinin xüsusi rolu görünür. Qazax sehirli nağıllarında qəhrəmanlar şər qüvvələrə və ictimai ədalətsizliyə qarşı mübarizədə sehirli qüvvələrdən və əşyalardan istifadə edib və bu qüvvələr iki qismdə təqdim olunur: şərə xidmət edən “qara qüvvələr” və xeyrin qələbəsinə çalışan, qəhrəmanı müdafiə edən xeyirxah sehirli varlıqlar. “Gözəl Günkey”, “Küpəgirən qarı və igid”, “Yer Tostik” kimi nağıllarda qəhrəman nə qədər çətin sınaqlardan keçsə də, sonda qalib gəlib, eyni motivlər bəzən dastanlardan nağıllara keçib, hətta bəzi faciəvi dastan sonluqlarının nağıl variantında dəyişdirilərək yeni məzmun kəsb edib.

Folklor mətni daxilində at obrazının ayrıca semantik qat yaratdığını deyən Məhəmməd Məmmədov qazax nağıllarında sehrli və mifoloji keyfiyyətli atların qəhrəmanın qələbəsində müstəsna rol oynadığını və bu xəttin türk xalqlarının mifoloji təsəvvürləri ilə səsləşdiyini vurğulayıb. Dosent Aldar Kosa obrazını da xatırladaraq qazax nağıllarında ağılın gücünü qabartmaq üçün xalqın qəhrəmanı hiyləgər demonik varlıqlarla qarşılaşdırdığını, Aldar Kosanın xəsis, lovğa bayı və ağanı “axmaq yerinə qoyaraq” hiylə ilə qalib gəldiyini qeyd edib.

Onun sözlərinə görə, məişət nağıllarının da mövzu dairəsinin geniş olduğu, xalqın zülmkarlığa, qan tökməyə etiraz edən humanist mövqeyinin burada açıq şəkildə görünür. Bu nağıllarda ədalətsiz hökmdarların cəzalandırılması, onların yerinə xalq içindən çıxmış ədalətli şəxsin gətirilməsi, gənc nəslin tərbiyəsi, təhsil və sənət öyrənməsinin təbliği aparıcı ideya xəttidir. O, həmçinin “yaxşı yaşamaq üçün ən mühüm amilin zəhmət” olduğunu vurğulayan süjetlərin xalqın əmək fəlsəfəsini ifadə etdiyini bildirib.

Dosent qeyd edib ki, oxuculara 1988-ci ildə təqdim olunan “Qazax nağılları” toplusu qardaş qazax xalqının əsrlər boyu yaratdığı zəngin nağıl dünyasının yalnız kiçik bir hissəsini əhatə edir; bununla belə, həmin örnəklər qazax folklor təfəkkürünün ideya-estetik genişliyini, poetik təbiətini və türk mədəni yaddaşı ilə qırılmaz bağlılığını aydın göstərir.

Seçilən
60
1
azertag.az

2Mənbələr