ain.az, Azertag saytına istinadən bildirir.
Astara, 29 dekabr, İlkin Adıyev, AZƏRTAC
Astara rayonunda feyxoa yığımı mövsümü başa çatıb. Subtropik iqlim şəraiti ilə seçilən rayon feyxoa istehsalında ölkə üzrə aparıcı bölgələrdən biri olaraq mövqeyini qoruyur.
Rayon Statistika İdarəsindən AZƏARTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin yekunlarına əsasən, rayonda feyxoa bağlarının ümumi əkin sahəsi 828,9 hektar təşkil edib. Bu sahələrin 690 hektarı məhsuldar bağlar olub. Mövsüm ərzində fermerlər tərəfindən 8 min 980 ton feyxoa məhsulu istehsal edilib. Hər hektardan orta məhsuldarlıq 130,1 sentner olub.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə rayonda feyxoa bağlarının ümumi sahəsi 826,3 hektar, məhsuldar sahə isə 661,7 hektar təşkil edib. Həmin il 8 min 391,8 ton məhsul istehsal olunub, məhsuldarlıq göstəricisi isə 126,8 sentner səviyyəsində qeydə alınıb. Statistik göstəricilərdən də göründüyü kimi, məhsuldarlıqda artım müşahidə olunub.
Bundan əlavə, cari ildə 2,6 hektar yeni feyxoa bağı salınıb ki, bu da gələcək illərdə istehsal həcminin daha da artacağına zəmin yaradır.
Qeyd edək ki, Astara feyxoası keyfiyyət göstəriciləri ilə seçilir və mövsüm ərzində yığılan məhsulun bir hissəsi emal müəssisələrinə, digər hissəsi isə satış üçün ölkənin müxtəlif bölgələrinə göndərilir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.