AZ

Ceyson Epşteyn: Cənubi Qafqaz regionu 2026-cı ili daha da möhtəşəm yaşayacaq

Vaşinqton, 29 dekabr, AZƏRTAC

ABŞ-Azərbaycan və ABŞ-Xəzər hövzəsi münasibətləri çox yaxşılaşıb və bunun müsbət səbəbi var.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Rusiya-Ukrayna münaqişəsinin həllinə dair irəli sürülən sülh planı ilə bağlı ABŞ-da fəaliyyət göstərən “Southfive Strategies” təşkilatının prezidenti Ceyson Epşteyn deyib.

O bildirib ki, sülhün və rifahın tərəfdarlarının bu baxımdan sevinə biləcəyi çox məsələ mövcuddur. O, avqust ayında Ağ Evdə Prezident Donald Tramp, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında keçirilən görüşü xatırladaraq, sonrakı hadisələrin də olduqca müsbət şəkildə irəlilədiyini vurğulayıb.

“Üç liderin oturaraq əvvəllər edə bilmədiklərini etmələri 30 ildən çox davam edən bu faciəli münaqişəyə son qoymaları əlamətdar hadisələrdir. Lakin indi digər işlərin tamamlanması lazımdır və düşünürəm ki, region (Cənubi Qafqaz) 2026-cı ili daha da möhtəşəm yaşayacaq”,- deyə ekspert əlavə edib.

O, TRIPP layihəsindən danışaraq, onun iqtisadi rifah, investisiya və inteqrasiya yolu olacağını qeyd edib. Vurğulayıb ki, bu, Azərbaycan, Ermənistan və Gürcüstanın maraqlarını düşünməyən digər böyük aktorlara daha az etibar etmək deməkdir. “Düşünürəm ki, əldə edilmiş razılaşma və uzun müddətdir davam edən məsələlərin həlli bölgədə yaşayan insanların firavan gələcək üçün daha çox şanslarının olduğunu göstərir”, - deyə o bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
18
2
azertag.az

3Mənbələr