İngiltərə millisinin və “Liverpul”un sabiq hücumçusu Endi Kerrollu ciddi hüquqi problemlər gözləyir.
QOL.az "Guardian" nəşrinə istinadən xəbər verir ki, futbolçu bir qadına qarşı tətbiq olunmuş təqib qadağasını pozduğu üçün 5 ilədək azadlıqdan məhrum edilə bilər.
Esseks qraflığı polisinin açıqlamasında bildirilir ki, təqib qadağasının pozulmasına görə cəzalar cərimədən başlayaraq, ağır hallarda 5 ilədək həbsə qədər dəyişə bilər. Kerroll aprel ayında zorlamaya cəhd şübhəsi ilə saxlanılmış, daha sonra 2026-cı ilin fevralına qədər müəyyən şərtlərlə girov qarşılığında azadlığa buraxılmışdı. Lakin onun bu şərtləri pozaraq zərərçəkmiş şəxsi yenidən təqib etdiyi iddia olunur.
İş üzrə ilk məhkəmə iclası 30 dekabr tarixində Çelmsford Magistrat Məhkəməsində keçiriləcək.
Qeyd edək ki, Kerroll iyun ayında Fransanın “Bordo” klubundan ayrılıb. O, 2024/25 mövsümündə bu komandanın heyətində 23 oyunda 11 qol vurmuşdu. Son altı ayı isə İngiltərənin altıncı liqa təmsilçisi “Dagenhem Redbridj”də keçirib. Futbolçu karyerası ərzində “Amyen”, “Nyukasl”, “Redinq”, “Vest Hem” və “Vest Bromviç” klublarında da çıxış edib.