AZ

Tamerlan Tağıyev: "Azərbaycan məhsulları üçün Türkiyə bazarında əsas çətinlik rəqabət ilə bağlıdır" - MÜSAHİBƏ

Azərbaycan ilə Türkiyə arasında münasibətlər həm siyasi müstəvidə, həm də iqtisadi sahədə ardıcıl şəkildə dərinləşir. Son illər iki ölkə arasında ticarət, sənaye, investisiya və logistika sahələrini əhatə edən bir sıra mühüm sənədlər imzalanıb, birgə layihələr icra olunub. Bu prosesin strateji hədəflərindən biri Azərbaycan-Türkiyə ticarət dövriyyəsinin 15 milyard ABŞ dollarına çatdırılmasıdır.

Bu hədəfə nail olmaq üçün dövlət qurumları ilə yanaşı, biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi, azərbaycanlı və türkiyəli sahibkarların qarşılıqlı bazarlara çıxış imkanlarının asanlaşdırılması xüsusi əhəmiyyət daşıyır.

"Report"a müsahibəsində Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev iki ölkə arasında ticarət əlaqələrinin inkişaf perspektivləri, prioritet məhsul qrupları və biznes üçün yaranan yeni imkanlar barədə danışıb.

Həmin müsahibəni oxucularımıza təqdim edirik:

- 2026-cı ildə Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi üzrə əsas hədəflər nələrdir?

- Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin ildən-ilə artmasını qarşıya məqsəd qoymuşuq. Əsas strateji hədəf iki ölkə arasında ticarət dövriyyəsinin ən azı 15 milyard ABŞ dollarına çatdırılmasıdır. Bu istiqamətdə hər iki dövlətin aidiyyəti qurumları və biznes dairələri koordinasiyalı şəkildə fəaliyyət göstərir.

Bu gün Azərbaycanda təşkil etdiyimiz seminarın əsas məqsədi yerli istehsalçıları Türkiyə bazarı və həmin bazara çıxış imkanları barədə ətraflı məlumatlandırmaqdır. Sahibkarlar bu məlumatları əldə etdikdən sonra artıq daha praktik addımlar ata bilərlər. Azərbaycan şirkətlərinin Türkiyə bazarında təmsil olunması həm onların özləri üçün yeni imkanlar yaradır, həm də digər yerli şirkətlər üçün bir nümunə rolunu oynayır. Bu baxımdan, Türkiyə bazarının daha dərindən tanıdılması olduqca vacibdir. Hesab edirik ki, bugünkü seminar da bu prosesə ciddi töhfə verəcək.

- Hansı məhsul qrupları üzrə ixrac və idxalın genişləndirilməsi nəzərdə tutulur?

- Gələcək dövrdə Azərbaycan ilə Türkiyə arasında ixrac və idxal baxımından ən böyük potensial sənaye məhsulları üzrədir. Bildiyiniz kimi, iki ölkə arasında Preferensial Ticarət Sazişi imzalanıb. Bu saziş çərçivəsində hazırda Türkiyə və Azərbaycandan 30 adda məhsul qarşılıqlı şəkildə gömrük və digər rüsumlardan azad olunmaqla tədarük edilə bilər.

Bu səbəbdən, ilk növbədə məhz həmin sazişdə əksini tapmış məhsullar üzrə ticarət dövriyyəsinin artmasını gözləyirik. Buraya, məsələn, müxtəlif şərab məhsulları daxildir. Eyni zamanda bəzi pendir, cem və digər qida məhsulları istehsalçıları da bu imkanlardan yararlana bilərlər. Saziş sənaye məhsullarını da əhatə edir və biz ilkin olaraq böyük potensialı məhz bu istiqamətdə görürük.

- Azərbaycan sahibkarları Türkiyə bazarında daha çox hansı çətinliklərlə üzləşirlər?

- Azərbaycan məhsulları üçün Türkiyə bazarındakı əsas çətinlik yüksək rəqabət mühitidir. Türkiyə bazarı kifayət qədər mürəkkəb və doyumlu bazardır: yerli istehsalçılar geniş çeşiddə və müxtəlif qiymət seqmentlərində məhsullar təklif edirlər. Bu şəraitdə əsas problem mövcud məhsullarla effektiv rəqabət aparmaqdır.

Burada ən həssas məsələlərdən biri qiymət faktorudur. Azərbaycan və Türkiyə arasında rüsumların azaldılması, gömrük prosedurlarının sadələşdirilməsi və rəqəmsallaşdırılması istiqamətində davamlı danışıqlar aparılır. Bu baxımdan Preferensial Ticarət Sazişi mühüm rol oynayır. Sözügedən sənəd dövlətlərarası danışıqların nəticəsidir və sahibkarlar üçün real imkanlar yaradır.

Biz də ticarət nümayəndəliyi olaraq bu imkanlardan maksimum yararlanmaq üçün maarifləndirici seminarlar təşkil edirik. Paralel olaraq Türkiyədən alıcı missiyası da dəvət olunub. Hazırda həmin nümayəndələr Azərbaycan məhsulları ilə yaxından tanış olurlar. Onların seçəcəyi məhsulların gələcəkdə Türkiyə bazarına çıxarılması üçün real imkanlar formalaşacaq.

- Qarabağ və Şərqi Zəngəzurda icra olunan layihələr Türkiyə investorları üçün hansı imkanlar açır?

- Türkiyədəki ticarət nümayəndəliyinin əsas fəaliyyət istiqamətlərindən biri Türkiyə investorlarını Azərbaycandakı investisiya imkanları və dövlət tərəfindən yaradılmış güzəşt mexanizmləri ilə tanış etməkdir. Bu təqdimatlarda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları xüsusi yer tutur.

Türkiyəli iş adamlarına izah edirik ki, azad edilmiş ərazilərdə fəaliyyət göstərən investorlar üçün bir sıra əhəmiyyətli güzəştlər mövcuddur. Məsələn, su, qaz və elektrik enerjisi xərclərinin 20 %-i dövlət tərəfindən qarşılanır. Eyni zamanda, müəyyən vergi öhdəlikləri, eləcə də Türkiyədə SGK kimi tanınan sosial sığorta ödənişlərinin ekvivalenti dövlət hesabına ödənilir. Bundan əlavə, digər stimullaşdırıcı mexanizmlər də tətbiq olunur.

Bu məlumatları əldə etdikdən sonra türkiyəli investorların marağı əhəmiyyətli dərəcədə artır. Bu günədək Azərbaycana 30-dan çox biznes missiyası təşkil etmişik. Həmin missiyalar çərçivəsində 200-ə yaxın iş adamı ölkəmizə səfər edib. Onların bir qismi artıq fəaliyyətə başlayıb, digərləri isə yerli tərəfdaşlarla birlikdə biznes-planlar üzərində işləyir.

Hazırda Qarabağ və Şərqi Zəngəzur türkiyəli investorlar üçün xüsusilə cəlbedici regionlar kimi qiymətləndirilir. Bu ərazilər "yaşıl enerji", "ağıllı şəhər" və digər innovativ layihələr baxımından böyük potensiala malikdir. Türkiyəli biznesmenlər həm öz ixtisaslaşdıqları sahələr üzrə müəssisələr yaratmaq, həm də Azərbaycan dövlətinin prioritetlərinə uyğun layihələr həyata keçirmək niyyətindədirlər.

Bu gün Azərbaycan ilə Türkiyə arasında birgə sənaye zonaları və ya istehsal klasterləri ilə bağlı konkret layihələr gündəmdədirmi?

- Hazırda Azərbaycan və Türkiyə arasında birgə sənaye zonalarının və istehsal klasterlərinin yaradılması ilə bağlı danışıqlar aparılır. Azərbaycanda artıq özəl sənaye parklarının və zonalarının formalaşdırılması üçün zəruri hüquqi və institusional baza mövcuddur və bu imkanlar barədə türkiyəli iş adamları mütəmadi olaraq məlumatlandırılır.

Eyni zamanda, ölkəmizdə dövlət-özəl tərəfdaşlığı (PPP) çərçivəsində bir sıra layihələr təsdiqlənib. Türkiyəli iş adamları uzun illərdir azərbaycanlı tərəfdaşlarla birgə fəaliyyət göstərir, müxtəlif sahələr üzrə ortaq layihələr icra edirlər. Onlar Azərbaycan dövlətinin təqdim etdiyi güzəştlərdən və stimullaşdırıcı mexanizmlərdən faydalanmaq üçün bu əməkdaşlıqları genişləndirməyə maraq göstərirlər.

Bizim əsas məqsədimiz bu imkanlar barədə təşviqedici və maarifləndirici tədbirləri genişləndirməkdir. İstəyirik ki, investorlar Azərbaycanda istehsal qura bilsin və ölkəmizi daha geniş bazarlara çıxış üçün platforma kimi dəyərləndirsinlər. Çünki Azərbaycanın 10 ölkə ilə sərbəst ticarət sazişi var ki, bu da ümumilikdə 280 milyon nəfərlik bazara çıxış imkanı deməkdir. Bundan əlavə, Türkiyə və Pakistan kimi iri ölkələrlə preferensial ticarət sazişləri mövcuddur. Hesab edirik ki, Türkiyədən olan iş adamları bu imkanlardan aktiv şəkildə yararlanacaqlar.

- Azərbaycanın kiçik və orta biznes subyektlərinin (KOB) Türkiyə bazarına inteqrasiyası üçün hansı xüsusi proqramlar mövcuddur?

- Hazırda Azərbaycan və Türkiyə KOB-larının qarşılıqlı bazarlara çıxışını asanlaşdırmaq məqsədilə birgə işlər aparılır. Bu çərçivədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatı (KOSGEB) arasında sıx əməkdaşlıq qurulub.

Bu əməkdaşlıq KOB-lar arasında birbaşa əlaqələrin yaradılmasına, birgə layihələrin təşviqinə və təcrübə mübadiləsinə şərait yaradır. Müxtəlif platformaların formalaşdırılması ilə iki ölkənin KOB-ları arasında əməkdaşlığın daha da dərinləşəcəyini gözləyirik.

- Azərbaycan məhsullarının Türkiyə bazarına çıxışında elektron ticarət hansı rolu oynayır?

- İki ölkə arasında ixrac–idxal əməliyyatlarının genişlənməsi məqsədilə müxtəlif B2B və onlayn platformalar yaradılır. Türkiyədəki ticarət nümayəndəliyi olaraq "Hepsiburada" və "Trendyol" kimi iri elektron ticarət platformaları ilə danışıqlar aparmışıq. Bu platformalarda Azərbaycan məhsullarının satışı üçün zəruri şərtlər ətraflı müzakirə olunub.

Xüsusilə qida məhsullarının onlayn satışında müəyyən çətinliklər mövcuddur. Belə ki, Türkiyə bazarında bu məhsulların satışına icazə verilməsi üçün müvafiq lisenziyalar və sertifikatlar tələb olunur. Bu səbəbdən həm azərbaycanlı sahibkarlarla, həm də elektron ticarət platformaları ilə paralel danışıqlar aparırıq.

Eyni zamanda nəzərə almaq lazımdır ki, bəzi platformalar əsasən Türkiyə istehsalı olan məhsullar üçün dizayn edilib. Buna baxmayaraq, yeni platformaların formalaşması və mövcud platformalarla əməkdaşlığın genişlənməsi perspektivdə Azərbaycan məhsullarının Türkiyə bazarına çıxış imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

- İki ölkə arasında startaplar və innovativ layihələr üzrə əməkdaşlıq planları varmı?

- Azərbaycan və Türkiyə arasında startaplar və innovativ layihələr üzrə əməkdaşlıq, xüsusilə texnoloji transfer sahəsində artıq formalaşma mərhələsindədir. Ticarət nümayəndəliyimizin əsas fəaliyyət istiqamətlərindən biri də məhz bu prosesə dəstək verməkdir.

Biz həm azərbaycanlı, həm də türkiyəli startapçıların aidiyyəti qurumlar, texnoparklar və investorlarla bir araya gəlməsinə şərait yaradırıq. Bundan əlavə, Türkiyə bazarında uğurlu texnoloji həllər təqdim edən şirkətləri Azərbaycandakı tərəfdaşlarla əlaqələndiririk ki, onların təcrübəsi öyrənilsin və ən effektiv həllər ölkəmizdə də tətbiq oluna bilsin.

Seçilən
31
far.az

1Mənbələr